EN

Şəhid qardaşı respublika birincisi oldu - Avropa çempionatına vəsiqə qazandı

Şəhid Əli Rzalının qardaşı Elmir Rzalı növbəti uğura imza atıb.

Musavat.com xəbər verir ki, Elmir Rzalı Natural Bodibildinq Çempionatında respublika birincisi olub.

O, yarışda iştirak etdiyi 4 kateqoriyanın hər birində birinci yerə layiq görülərək çempion adını qazanıb.

Elmir Rzalı “Men's Athletic”, “Men's Athletic Open”, “Classic Physique U23” və “Classic Physique Open” kateqoriyalarında bütün rəqiblərini geridə qoyub. O, qazandığı nəticələrə əsasən gələn il keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edib.

Medal və kubokların təqdimatı mərasimində isə duyğulu anlar yaşanıb. Belə ki, Elmirin atası Nuru Rzalı səhnəyə çıxaraq oğlunun uğur sevincini iştirakçılarla bölüşüb. Tədbir iştirakçıları həmin anları alqışlarla qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 4-cü kurs tələbəsi kimi sosial iş ixtisası üzrə təhsil alan Elmir Rzalı ötən illərdə də bir neçə yarışmada qalib olub. Ötən il o, “Top Model Azerbaijan” müsabiqəsinin qalibi olmuşdu. Həmçinin bir neçə nominasiya üzrə “STARS KID'S” və natural bodibildinq və fizik idmanları üzrə “MS&MR NATURALS” turnirinin qalibləri sırasında yer almışdı. Lakin onun əsas hədəfi çempionluğu təmin edib, Azərbaycan bayrağını Avropada qaldırmaq idi və artıq bu istiqamətdə parlaq qələbəsini təmin edib.

Xatırladaq ki, E.Rzalının böyük qardaşı - 17 aprel 2002-ci ildə Yardımlı rayonunun Bilnə kəndində anadan olan Əli Nuru oğlu Rzalı 44 günlük Vətən müharibəsində iştirak edib, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Kəlbəcər rayonu uğrunda döyüşlərdə qəhrəmanlıqlar göstərib, 2 oktyabr 2020-ci il tarixdə Koroğlu yüksəkliyində yaralı komandirini xilas edərkən şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Əli Rzalı III dərəcəli “Rəşadət” ordeni, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.


Şahanə Rəhimli
Musavat.com

Chosen
37
musavat.com

1Sources