EN

Moskva 100 min seçicini İrəvana göndərir– Reuters sensasion planı açıqladı

Ermənistanda parlament seçkiləri ərəfəsində Moskvanın fəaliyyəti ilə bağlı yeni məlumatlar yayılıb.

Musavat.com xəbər verir ki, Reuters agentliyinin Qərb kəşfiyyat orqanlarındakı beş mənbəyə və daxili sənədlərə istinadən dərc etdiyi araşdırmada bildirilir ki, Moskva Ermənistanda iyunun 7-nə təyin olunmuş parlament seçkiləri ərəfəsində genişmiqyaslı gizli kampaniya həyata keçirməyi planlaşdırıb.

Məlumata görə, əməliyyatın əsas məqsədi Nikol Paşinyanın yenidən seçilməsinin qarşısını almaq və İrəvanın Avropaya inteqrasiya kursunu dayandırmaq olub.

Araşdırmada qeyd edilir ki, Qərb kəşfiyyatı Kremlin Rusiyada yaşayan Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkəyə daşınmasını nəzərdə tutan planlarını qeydə alıb. Ermənistan qanunvericiliyinə əsasən xaricdən səsvermə mümkün olmadığından, Rusiya ərazisində yaşayan 100 minədək Ermənistan vətəndaşının respublika ərazisində səs verməsi üçün logistik sxem müzakirə olunub.

Reuters-in məlumatına görə, bu əməliyyatın dəyəri təxminən 50 milyon dollar qiymətləndirilib və may ayının ortalarına qədər Rusiyanın regional administrasiyalarına insan göndərilməsi ilə bağlı kvotalar çatdırılıb.

Agentlik həmçinin bildirir ki, rəqəmsal məkanda genişmiqyaslı dezinformasiya kampaniyası həyata keçirilib. Analitiklər bunu müasir Avropa tarixinin ən böyük informasiya əməliyyatlarından biri kimi qiymətləndirirlər.

Məqalədə qeyd olunur ki, Kremlinlə əlaqələndirilən Sosial Layihələndirmə Agentliyi (ASP) Ermənistanın hazırkı rəhbərliyini nüfuzdan salmaq məqsədilə saxta informasiya resursları şəbəkəsi və Storm-1516 adlı bot platforması hazırlayıb.

Araşdırmaya görə, ASP-nin layihələrindən biri də Ermənistanın təhlükəsizliyi və rifahının yalnız Rusiya ilə sıx ittifaq şəraitində mümkün olduğu tezisini təşviq etməli olan “Yerevan1” media platforması olub.

Bununla yanaşı, Ermənistanın 7 iyun seçkiləri ərəfəsində Rusiyadan ölkəyə kütləvi girişlə bağlı da məlumatlar yayılır. Bildirilir ki, “Zvartnots” hava limanının cədvəlinə əsasən, bu gün Rusiyadan Ermənistana 30 aviareys həyata keçirilir. Təyyarələrin orta tutumunun 180 nəfər olduğu nəzərə alınarsa, gündəlik sərnişin axını təxminən 5-6 min nəfər təşkil edir.

Bu rəqəmlər bir həftəlik dövrə şamil edildikdə və quru nəqliyyatı ilə gələnlər də nəzərə alındıqda, Rusiyada uzun müddət yaşayan 100 mindən çox Ermənistan vətəndaşının respublikaya daxil ola biləcəyi qeyd olunur.

Musavat.com

Chosen
48
musavat.com

1Sources