EN

CNN: Peyk görüntüləri İranın yeraltı raket infrastrukturunu bərpa etdiyini göstərir...

Tehran zədələnmiş tunel girişlərini yenidən açır və raket potensialını sürətlə bərpa edir...

Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı peyk görüntülərinin təhlilinə əsaslanaraq məlumat yayıb.

Məlumata görə, İranın yeraltı raket bazalarının yenidən fəaliyyətə başlaması ABŞ-ın həyata keçirdiyi hava zərbələri strategiyasının məhdud effektivliyini ortaya qoyur. Bildirilir ki, Tehran qısa müddət ərzində basdırılmış və ya zədələnmiş raket anbarlarını yenidən açaraq hərbi imkanlarını bərpa etməyə başlayıb.

Peyk görüntülərinin təhlili göstərir ki, İran sadə texnikalardan — buldozerlər və yük maşınlarından istifadə etməklə hücumlar nəticəsində bağlanmış tunel girişlərini yenidən açır. Mütəxəssislərin fikrincə, bu fakt yeraltı infrastrukturun yalnız girişlərinin hədəf alınmasının raket potensialını tam sıradan çıxarmaq üçün kifayət etmədiyini göstərir.

Atəşkəsin əldə olunmasından təxminən yeddi həftə sonra İranın raket bazalarında bərpa işlərinin sürətləndirildiyi bildirilir. Analizlərə əsasən, ABŞ və İsrailin hücum etdiyi 18 yeraltı raket bazasında ümumilikdə 69 tunel girişindən 50-si yenidən açılıb.

Eyni zamanda, Tehran zərər görən yollar və giriş infrastrukturunu da bərpa edib. Bildirilir ki, bəzi ərazilərdə bombalanmış yollar təmir olunub, hətta iki sahədə asfalt örtüyü yenidən çəkilib.

Ekspertlərin qiymətləndirməsinə görə, İranın yeraltı anbarlarında hələ də təxminən 1000 ədəd raket saxlanılır. Dərinlikdə yerləşən bu anbarların isə hava zərbələri nəticəsində ciddi zərər görmədiyi ehtimal edilir.

ABŞ kəşfiyyatının qiymətləndirmələrinə əsasən, İran artıq hərbi potensialını bərpa etməyə başlayıb və dron istehsalının yenidən aktivləşdirilməsi, eləcə də raket buraxılış qurğularının və istehsal güclərinin bərpası istiqamətində işlər aparır.

Mütəxəssislər hesab edirlər ki, bu proses regionda təhlükəsizlik balansına təsir göstərə və Yaxın Şərqdə gərginliyi daha da artıra bilər.

Poliqon.info

Chosen
60
poliqon.info

1Sources