EN

Kipr Prezidenti Qazaxıstana ilk rəsmi səfər edəcək

Səfər iqtisadi əməkdaşlıq, enerji və regional diplomatik balans kontekstində mühüm addım kimi qiymətləndirilir...

Poliqon xəbər verir ki, Kipr Prezidenti Nikos Xristodoulides 2 iyun tarixində Qazaxıstana ilk rəsmi səfərini həyata keçirəcək.

Kipr mətbuatının məlumatına görə, 4 iyunadək davam edəcək səfər bir neçə mühüm siyasi və iqtisadi səbəbə görə xüsusi əhəmiyyət daşıyır. Qazaxıstan Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatına malik ölkə kimi regionda əsas oyunçulardan biri hesab olunur. Eyni zamanda, zəngin enerji resursları və Avropa ilə Asiya arasında strateji tranzit mövqeyi ölkəni beynəlxalq əməkdaşlıq üçün cəlbedici tərəfdaşa çevirir.

Məlumatda qeyd olunur ki, Kipr üçün Qazaxıstan həm siyasi, həm də iqtisadi baxımdan mühüm tərəfdaşdır. Nikosiya bu səfəri Avropa İttifaqından kənarda diplomatik və iqtisadi əlaqələrin genişləndirilməsi strategiyasının bir hissəsi kimi qiymətləndirir.

Diqqət çəkən məqamlardan biri də Qazaxıstanın Türk Dövlətləri Təşkilatında təmsil olunmasıdır. Bu kontekstdə Kipr tərəfi Türkiyənin aktiv rol oynadığı platformalara daxil olan ölkələrlə birbaşa dialoqun saxlanılmasına xüsusi önəm verir.

Bundan başqa, səfər çərçivəsində Qazaxıstanda Kipr səfirliyinin açılması məsələsi də gündəmdədir. Bu addımın, regional diplomatik gərginliklərə baxmayaraq, Astananın Nikosiya ilə müstəqil xarici siyasət əlaqələri qurmağa hazır olduğunu göstərən siqnal olduğu bildirilir.

Danışıqlar zamanı iqtisadi əməkdaşlıq, investisiya layihələri, turizm, hava nəqliyyatı və beynəlxalq əməkdaşlıq kimi sahələrin müzakirə ediləcəyi gözlənilir. Kipr mətbuatı bu səfəri Nikosiyanın Avropadakı ənənəvi tərəfdaşlarından kənarda daha geniş diplomatik və iqtisadi əlaqələr qurmaq strategiyasının bir hissəsi kimi qiymətləndirir.

Poliqon.info

Chosen
53
poliqon.info

1Sources