EN

Çin çexiyalı senatorun Tayvan səfərinə etiraz edib

BAKI, 1 iyun. TELEQRAF

Çin Çexiya Senatının sədri Miloş Vıstrçilin Tayvana səfərini tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, müxalifətdə olan Vətəndaş Demokrat Partiyasının (ODS) təmsilçisi Miloş Vıstrçil iş adamlarından ibarət nümayəndə heyəti ilə Tayvanda səfərdədir. Onun Tayvan lideri Lay Tsin-de, eləcə də digər rəsmilər və şirkət nümayəndələri ilə görüşləri nəzərdə tutulub.

Praqadakı Çin səfirliyi yaydığı bəyanatda bu səfərin Çexiya hökumətinin rəsmi mövqeyinə zidd olduğunu və Pekinin daxili işlərinə müdaxilə kimi qiymətləndirildiyini bildirib.

"Çin tərəfi Çexiya tərəfini "Vahid Çin" prinsipinə ciddi əməl etməyə, bu yanlış addımın mənfi nəticələrini aradan qaldırmaq üçün təcili tədbirlər görməyə və Çin-Çexiya münasibətlərinin inkişafını konkret addımlarla qorumağa çağırır", - bəyanatda qeyd olunub.

Reuters xatırladır ki, Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanın digər dövlətlərlə rəsmi münasibətlər qurmasına qarşı çıxır. Taypey isə bu mövqeni qəbul etmir.

Qeyd edək ki, Çexiya əksər ölkələr kimi rəsmi olaraq Pekini tanıyır. Bununla belə, son illərdə Praqa ilə Taypey arasında, xüsusilə yarımkeçirici sənayesi və investisiyalar sahəsində əməkdaşlıq genişlənib.

Çexiyanın Baş naziri Andrey Babiş də Vıstrçilin səfərini tənqid edib. Hökumət senatorun Tayvana səfəri üçün dövlət təyyarəsi ayırmayıb.

Chosen
83
teleqraf.com

1Sources