EN

Bacısına elçi göndərən şəxsi öldürən kassasiya şikayəti verdi

Xüsusi amansızlıqla qəsdən adam öldürmədə təqsirləndirilən Semur Məmmədquliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, hadisə 27 oktyabr 2024-cü il tarixdə, saat 19:00 radələrində Biləsuvar rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində yerləşən yarımçıq tikilinin yaxınlığında, arı saxlanması üçün nəzərdə tutulmuş yeşiklərin yanında qeydə alınıb.

 

Belə ki, Semur Məmmədquliyev əvvəlcədən tanıdığı Şahin Şahverdiyevin mobil telefon vasitəsilə “WhatsApp” proqramı ilə onun və ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr göndərməsi, eləcə də bacısını dəfələrlə narahat etməsi səbəbindən qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib.

 

Bu məqsədlə təqsirləndirilən şəxs hadisə yerində zərərçəkmiş, Şahin Şahverdiyevə qəflətən hücum edib, əlləri ilə onun bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirib, boğazından tutaraq sıxıb yerə yıxıb, təxminən 40 dəqiqə müddətində yumruq, təpik və baş zərbələri ilə döyüb. Sonra başını torpaq səthinə bir neçə dəfə çırpıb. Daha sonra o, yerdən götürdüyü taxta parçası ilə zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Bu zaman ona qarşı müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik nümayiş etdirib, xüsusi əzab və işgəncə verdiyini dərk edərək və arzulayaraq Şahin Şahverdiyevi qəsdən öldürüb.

 

Beləliklə, Semur Məmmədquliyev Şahin Şahverdiyevi qisas almaq məqsədilə, xüsusi amansızlıqla qəsdən öldürüb, yəni digər şəxsi qəsdən həyatdan məhrum edib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxs və onun müdafiəçisinin apellyasiya şikayətləri təmin edilməyib, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Semur Məmmədquliyevin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti artırılaraq 16 il həddində müəyyən olunub.

 

Qeyd: Seymur Məmmədquliyevin anası Cəmilə Vəliyeva mətbuata açıqlamasında qeyd edib ki, Şahin Şahverdiyev qızına elçi göndərib "yox" cavabı alandan sonra ailəyə qarşı nalayiq hərəkətlər edib və nəticədə oğlu onu qətlə yetirib.

 

Kamal Məmmədov

Tarix: 1 İyun 2026, 08:45   
Chosen
37
pravda.az

1Sources