EN

Restoranda icarədarı döyən müştəri cinayət məsuliyyətindən azad edilib

Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İntiqam Yaqubovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilib.

 

İttihama görə, hadisə bu il Bakı şəhəri, Nizami rayonunda yerləşən “Sabirabad” kafesində baş verib.

 

Belə ki, İntiqam Yaqubov həmin vaxt kafedə spirtli içki qəbul edib və sərxoşluğun təsiri altında yüksək səslə danışaraq ətrafdakı şəxslərin narahatlığına səbəb olub. Bu zaman kafenin icarədarı olan zərərçəkmiş Namiq İmanzadə təqsirləndirilən şəxsə irad bildirərək onu sakit davranmağa çağırıb. Lakin bu irad tərəflər arasında mübahisənin yaranmasına səbəb olub. Mübahisə zamanı tərəflərin qarşılıqlı olaraq bir-birlərinin ünvanına nalayiq ifadələr işlədib. Baş vermiş münaqişə zamanı İntiqam əsəbiləşərək və qisas almaq niyyəti ilə zərərçəkmiş şəxsə qarşı zor tətbiq edib. O, yumruqla Namiqin sifət və bədən nahiyələrinə bir neçə dəfə qəsdən zərbələr endirib. Nəticədə zərərçəkmiş şəxs müxtəlif bədən xəsarətləri alıb.

 

Ekspertiza rəyində qeyd olunub ki, Namiqə yetirilən xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma kateqoriyasına aiddir.

 

Araşdırmalar zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə qəsdən fiziki xəsarətlər yetirilib və onun sağlamlığına yüngül zərər vurulub.

 

Kamal Məmmədov

Tarix: 1 İyun 2026, 08:59   
Chosen
52
pravda.az

1Sources