EN

Bloomberg: Aİ Rusiya neftinə tətbiq edilən qiymət tavanını dondurmağı nəzərdən keçirir

Avropa İttifaqı Yaxın Şərqdəki müharibə fonunda Rusiya neftinə tətbiq edilən qiymət tavanının müvəqqəti olaraq dondurulması imkanını nəzərdən keçirir. Bu barədə məsələ ilə tanış mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Məlumata görə, söhbət maksimal qiymətin hazırkı səviyyədə saxlanılmasından gedir. Hazırda qiymət tavanı bir barel üçün 44,1 dollar təşkil edir.

Qiymət tavanı mexanizmi hər altı aydan bir Rusiya mənşəli Urals markalı neftin orta bazar qiymətindən 15% aşağı səviyyədə yeni həddin avtomatik müəyyən edilməsini nəzərdə tutur. Mövcud limitin yenidən nəzərdən keçirilməsi iyul ayına planlaşdırılıb.

Mənbələrin sözlərinə görə, İranla müharibə və Hörmüz boğazının bağlanması səbəbindən yenidən baxılma qiymət tavanının ən azı 65 dollara qədər artırılması ilə nəticələnə bilər. Bu isə G7 ölkələrinin əvvəllər razılaşdırdığı 60 dollarlıq həddən yüksəkdir.

Bloomberg bildirir ki, qiymət tavanının dondurulması ilə yanaşı, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq ilin sonunadək qiymət limitinin dinamik və avtomatik artırılması mexanizminin dayandırılması da müzakirə olunur. Digər variant isə istənilən artımın əvvəlki göstərici olan 60 dollar səviyyəsi ilə məhdudlaşdırılmasıdır.

Agentliyin qeyd etdiyinə görə, bu addım Avropa İttifaqının 21-ci sanksiyalar paketinin bir hissəsi ola bilər. Blokun yeni tədbirlər paketi üzərində işi yekunlaşdıraraq onu iyunun əvvəlində rəsmi şəkildə təqdim etməsi planlaşdırılır. Keçən həftə Aİ-yə üzv ölkələrin səfirlərinə bu barədə məlumat verilib.

Bloomberg-in məlumatına əsasən, yeni sanksiyalar paketi çərçivəsində banklara, neft treyderlərinə, neft emalı zavodlarına və üçüncü ölkələrdə fəaliyyət göstərən kriptooperatorlara qarşı məhdudiyyətlərin genişləndirilməsi müzakirə edilir. Bundan əlavə, “kölgə donanması” adlandırılan daha 20 tankerə qarşı sanksiyaların tətbiqi nəzərdən keçirilir.

Bununla belə, agentlik qeyd edir ki, yeni paketdə dəniz xidmətlərinə tam qadağanın yer alacağı ehtimalı azdır. Çünki Yaxın Şərqdəki qeyri-sabit vəziyyət fonunda Aİ-nin bir sıra üzv dövlətləri bu təşəbbüsə qarşı çıxmağa davam edir.

Bundan əvvəl, mayın 20-də Euractiv portalı Avropa Komissiyasının Rusiya neftinin idxalına qadağa nəzərdə tutan qanun layihəsi ilə bağlı artan təzyiqlə üzləşdiyini yazmışdı. Brüssel sanksiya siyasətinə sadiq olduğunu bəyan etsə də, daimi hüquqi qadağanın qəbulunu ləngidir. Daha əvvəl belə bir qadağanın 2026-cı ilin əvvəlində qüvvəyə minəcəyi bildirilirdi.

Chosen
44
banker.az

1Sources