EN

Jalə Əmirbəyova: Aqrar sektor gənclər üçün böyük perspektivlər vəd edir – ŞƏRH

Bakı, 1 iyun, AZƏRTAC

Aqrar sektor ölkəmizin demək olar ki, bütün regionlarını əhatə edən strateji sahələrdən biridir. Bu sahənin davamlı inkişafı üçün peşəkar və savadlı mütəxəssislərə böyük ehtiyac var. Sahibkar və assosiasiya üzvü kimi qeyd etmək istəyirəm ki, aqrar sektorda fəaliyyət göstərən sahibkarlar daim ixtisaslı kadrlar axtarırlar. Təəssüf ki, gənclərimizin bir qismi bu sahəyə kifayət qədər maraq göstərmir və başqa istiqamətlərə üstünlük verirlər. Halbuki ölkəmizin inkişafında aqrar sektorun xüsusi rolu var. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, aqrar sektor ölkənin prioritet inkişaf istiqamətlərindən biridir. İnsanların gündəlik qida təminatı məhz bu sahədə çalışan insanların əməyinin nəticəsidir. Buna görə də yüksək bilik və peşəkarlığa malik mütəxəssislərin yetişdirilməsi vacibdir. Gənclər ixtisas seçimi zamanı aqrar sahənin gələcək inkişafını nəzərə almalıdırlar. Burada çox geniş fəaliyyət istiqamətləri mövcuddur: bitkiçilik, tərəvəzçilik, bağçılıq, heyvandarlıq, balıqçılıq, quşçuluq və digər sahələr. Aqronomlara, baytarlara, texnoloqlara və müxtəlif peşə sahiblərinə ciddi ehtiyac var. Gələcəyini uğurlu qurmaq, peşəkar karyera yaratmaq və yaxşı gəlir əldə etmək istəyən gənclər üçün aqrar sektor böyük perspektivlər vəd edir.

Bunu AZƏRTAC-a açıqlamasında Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova deyib.

Sədr müavini vurğulayıb ki, dövlət başçısı aqrar sektorda fəaliyyət göstərən sahibkarlar qarşısında yüksək hədəflər müəyyən edib: “Məsələn, 200 min hektar intensiv bağların salınması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Bu, böyük rəqəm olsa da, tamamilə real və həyata keçirilə biləcək bir hədəfdir. Azərbaycanın istifadəyə cəlb olunmamış torpaqları, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki azad edilmiş ərazilər bu istiqamətdə geniş imkanlar yaradır. Dövlət tərəfindən sahibkarlara göstərilən dəstək də bu prosesə mühüm töhfə verir. Avadanlıqların alınması, subsidiyalar, dotasiyalar, intensiv və superintensiv bağların salınması üçün ayrılan maliyyə dəstəyi sahibkarların işini xeyli asanlaşdırır.

Lakin böyük hədəflərin həyata keçirilməsi üçün əsas şərtlərdən biri də kadr təminatıdır. Aqrar sektorun inkişafı üçün peşəkar mütəxəssislərin sayı artırılmalıdır. Buna görə də gənclər bu sahənin müxtəlif ixtisaslarına üstünlük verməlidirlər. Digər mühüm məsələlərdən biri maliyyələşmədir. Azərbaycanda Sahibkarlığın İnkişafı Fondu vasitəsilə aşağı faizli kreditlər verilir. Lakin bu kreditlərin banklar vasitəsilə verilməsi və yüksək girov tələbləri bir sıra çətinliklər yaradır. Xüsusilə kənd yerlərində yaşayan insanların əksəriyyətinin Bakıda daşınmaz əmlakı olmadığından, bu tələb bir çox layihələrin gecikməsinə səbəb olur. Bu istiqamətdə daha çevik mexanizmlərin tətbiqi aqrar sektorun inkişafına ciddi təkan verə bilər”.

Onun sözlərinə görə, aqrar sektorun inkişafı ölkənin ixrac potensialının artmasına da xidmət edir. Azərbaycanın meyvə-tərəvəz məhsulları keyfiyyəti ilə artıq beynəlxalq bazarlarda seçilir. Qarşıda duran əsas vəzifələrdən biri yeni bazarların araşdırılması və həmin bazarlara çıxış imkanlarının genişləndirilməsidir. Bunun üçün sertifikatlaşdırma prosesləri mühüm əhəmiyyət daşıyır. Lakin beynəlxalq sertifikatların əldə olunması kifayət qədər yüksək maliyyə vəsaiti tələb edir. Bu istiqamətdə dövlət dəstəyinin artırılması sahibkarların yeni bazarlara çıxışını asanlaşdıra bilər. Rəqabət qabiliyyətinin artırılması üçün istehsal olunan məhsulların maya dəyərinin aşağı salınması da vacibdir. Azərbaycan məhsulları, xüsusilə Rusiya bazarında üstün mövqe tutur. Bu mövqenin qorunması üçün həm yüksək keyfiyyət saxlanılmalı, həm də istehsal xərcləri optimallaşdırılmalıdır.

J.Əmirbəyova qeyd edib ki, dövlət dəstəyi nəticəsində son illərdə bağçılıq sahəsində ciddi inkişaf müşahidə olunur: “İntensiv və superintensiv bağların sayı sürətlə artır. Bununla yanaşı, məhsulların saxlanılması və ilboyu ixracının təmin edilməsi üçün soyuducu anbarlara ehtiyac da artır. Bu sahədə mövcud problemlərdən biri kənd təsərrüfatı təyinatlı torpaqlarda soyuducu anbarların tikintisi ilə bağlıdır. Belə obyektlər əsaslı tikili hesab olunduğundan torpaq təyinatının dəyişdirilməsi zərurəti yaranır və bu proses sahibkarlar üçün müəyyən çətinliklər yaradır. Bu prosedurların sadələşdirilməsi aqrar infrastrukturun daha sürətli inkişafına imkan verə bilər. Ümid edirik ki, dövlət tərəfindən göstərilən dəstək tədbirləri gələcəkdə daha da genişlənəcək və bu, aqrar sektorun inkişafına, ixrac potensialının artmasına və ölkənin iqtisadi gücünün möhkəmlənməsinə öz töhfəsini verəcək”.

Müxbir - Günel Türksoy

Chosen
18
1
azertag.az

2Sources