EN

“Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsinin icrasına başlanılıb

“İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” (İİALD) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsinin icrasına başlayıb.

QHT.az xəbər verir ki, layihənin əsas məqsədi iqlim dəyişiklikləri fonunda kənd təsərrüfatında yaranan su qıtlığı və quraqlıq risklərinin azaldılması, fermer və kənd icmalarının müasir, dayanıqlı və suya qənaət edən aqrar yanaşmalar barədə məlumatlandırılması, həmçinin su resurslarından səmərəli istifadə vərdişlərinin təşviq edilməsidir.

Layihənin ilkin mərhələsində 2026-cı ilin may ayının ikinci ongünlüyündə Saatlı və İmişli rayonlarının 6 kəndində görüşlər keçirilib, yerli sakinlərə layihənin məqsəd və vəzifələri barədə geniş məlumat verilib. Görüşlər zamanı kənd təsərrüfatında quraqlığın yaratdığı problemlər, su çatışmazlığının məhsuldarlığa təsiri, iqlim dəyişikliklərinin aqrar sahəyə təsiri, eləcə də müasir suvarma texnologiyalarının tətbiqi və sudan səmərəli istifadə yolları müzakirə olunub.

Maarifləndirmə tədbirlərində iştirak edən kənd icmaları arasında layihədə fəal iştirak etmək arzusunda olan icma nümayəndələri və fermerlər müəyyən edilmiş, gələcək fəaliyyətlərin daha effektiv təşkili məqsədilə ilkin seçim prosesi həyata keçirilib.

Layihənin növbəti mərhələsində seçilmiş icma nümayəndələri ilə birgə keçiriləcək təlim və praktiki fəaliyyətlərin istiqamətləri müəyyənləşdirilib, təlim mövzuları, keçirilmə tarixləri və məkanları üzrə razılaşmalar əldə olunub. Təlimlərdə quraqlığa davamlı əkinçilik texnologiyaları, damcı və yağmurlama suvarma sistemləri, torpaq münbitliyinin qorunması, iqlim-ağıllı kənd təsərrüfatı yanaşmaları və aqrar sahədə risklərin idarə olunması kimi mövzular əhatə olunacaqdır.

Layihə çərçivəsində həmçinin yerli icmaların praktiki bilik və bacarıqlarının artırılması, kənd təsərrüfatında dayanıqlı istehsalın təşviqi və regionlarda ekoloji cəhətdən daha səmərəli təsərrüfat modelinin formalaşdırılması nəzərdə tutulur.

“İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” İctimai Birliyi hesab edir ki, bu kimi təşəbbüslər kənd icmalarının iqlim dəyişikliklərinə adaptasiya imkanlarının gücləndirilməsinə, su ehtiyatlarının qorunmasına və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcəkdir.

Chosen
48
4
qht.az

5Sources