EN

Azərbaycan öz qardaşı ilə dostunu BARIŞDIRIR – Unikal ŞANS

“Ankara İsrail ilə münasibətlərin normallaşdırılmasına qarşı deyil, lakin bunun üçün müəyyən siyasi və humanitar şərtlər yerinə yetirilməlidir”. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Baş diplomat Fələstin məsələsi ilə bağlı vəziyyətin və Qəzza zolağında davam edən münaqişənin münasibətlərin bərpasına əsas maneə olaraq qaldığını qeyd edib. O, əlavə edib ki, Türkiyə humanitar böhranın bitməsini və iki dövlətli həll yolunda irəliləyiş gözləyir.

Fidan vurğulayıb ki, Ankaranın problemi İsrailin bir dövlət kimi mövcudluğunda deyil. Nazirin sözlərinə görə, fikir ayrılıqları əsasən İsrail rəhbərliyinin fələstinlilərə qarşı siyasəti və Qəzzadakı hadisələrlə bağlıdır. O, mövcud vəziyyət dəyişərsə, iki ölkə arasında münasibətlərin bərpasının mümkün olduğunu açıq şəkildə bildirib. Qeyd edək ki, Azərbaycan Türkiyə ilə İsrail arasında barışıq üçün həmişə təşəbbüskar olub. Hətta Bakıda bir neçə dəfə tərəflər arasında görüş keçirilib. Amma Qəzza böhranı münasibətləri düşmənçilik həddinə çatdırıb. İndi isə Fidan barışıq üçün şərtləri açıqlayır.

Bəs Bakı yenidən ona qardaş və dost olan ölkələri bir araya gətirə bilərmi?

CROSSMEDIA

Siyasi şərhçi Ramiyə Məmmədova tərəflərin istəkli olmasını əsas amil kimi qiymətləndirir. Analitik Bakının belə bir görüşü təşkil etməkdən məmnun olacağını düşünür. "Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. Bunu ötən ilin aprelində prezident İlham Əliyev açıqladı. Sonra qeyd etdi ki, bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir. Ona görə də Azərbaycan müttəfiqi ilə dostu arasında barışıqda maraqlıdır. Təbii ki, biz yenə də Türkiyə və İsrail arasında körpü olmağa hazırıq. Ancaq indi geosiyasi reallıqlar fərqlidir. Əvvəla, Qəzza məsələsində ciddi irəliləyiş yoxdur və İsrail anklavın əhəmiyyətli hissəsini nəzarətdə saxlayır. İkincisi, İsrail və İran arasında gərginlik qalmaqdadır. Türkiyə qonşusu İranın İsraillə münaqişə vəziyyətində olduğu bir şəraitdə çətin ki, danışıqlara başlasın. Nazir Fidan Ankaranın şərtlərini açıqlayıb. Bu tələblər qəbul edilməlidir ki, münasibətlər normallaşsın", - deyə ekspert vurğulayıb.

Siyasi təhlilçi Türkiyə ilə İsrail arasında gərginliyin regiona fayda vermədiyini düşünür: "Amma Netanyahu dönəmində barışıq ehtimalı azdır. Əgər Qəzza hadisələri olmasaydı, bu gün münasibətlər inkişafda idi. Eyni zamanda, ABŞ faktoru vacibdir. Vaşinqton iki müttəfiqi arasında münaqişənin əleyhinədir. Amma əfsuslar olsun ki, Qəzza mövzusunda Tramp Netanyahunu dəstəkləyib. Buna görə də biz ciddi irəliləyişə ümid edə bilmərik. Çünki İsrail paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin müstəqilliyinə qarşıdır. Halbuki BMT də bu mövqedən çıxış edib. Amma nə iki dövlət, nə Qəzza anklavı məsələsi həllini tapır. Azərbaycan da hesab edir ki, problem BMT qərarlarına uyğun şəkildə aradan qalxmalıdır. Hətta bunun üçün də danışıqların vasitəçiliyini edə bilərik".

Emil Salamoğlu
Musavat.com

Chosen
29
musavat.com

1Sources