EN

Əlverişsiz hava arıçılığı vurdu: məhsul az, xərc çox

Son iki ayda ölkə ərazisində müşahidə olunan qeyri-sabit və əlverişsiz hava şəraiti arıçılara ciddi ziyan vurub. Arıların nektar toplamaq imkanları məhdudlaşıb, məhsuldarlıq nisbətən aşağı düşüb, təsərrüfat sahiblərinin xərcləri isə artıb. Arıçılar bildirirlər ki, hava bu cür davam edərsə, bal istehsalında azalma və qiymətlərdə artım qaçılmaz ola bilər.

Məhsuldarlığın azalmasının səbəbləri, arıçıların üzləşdiyi çətinliklər və balın qiyməti ilə bağlı gözləntilər barədə Musavat.com-un suallarını təxminən 10 ildir arıçılıqla məşğul olan, “Balçı” brendinin sahibi Elvin Bayramlı cavablandırıb:

-Əlverişsiz hava arı təsərrüfatınıza necə təsir edib?

-Nektar və polen axımı dövründə arıçılıq üçün ən böyük problem əlverişsiz hava şəraitidir. Yağış fasilələrlə yağanda ciddi problem olmur. Küləkli və soyuq hava isə müəyyən çətinliklər yaradır. Son iki ayda qeyri-sabit hava ilə əlaqədar arılar 5 gün işləyir, 10 gün işləmir.  Bir neçə gün ardıcıl külək əsməsi, soyuq hava bir tərəfdən bitkilərə ziyan verir, onların nektar verməyinə, digər tərəfdən arıların işləməyinə- nektar, polen arxasınca getməyinə, arıların ümumi inkişafına, bal istehsal etməsinə mane olur. Arı işləməyəndə həm nektar gətirmir, həm də əvvəlki günlərdə gətirdiyi baldan, çiçək tozundan istifadə edir. Bu il zərərimiz böyükdür: bir tərəfdən inkişaf dayanıb, digər tərəfdən hava normal keçsə idi, hər arı ailəsi 10-20 kiloqram bal gətirə bilərdi. Biz bu gəlirdən məhrum olmuşuq. Arıları yaxşı yerlərə aparan arıçılara böyük miqyasda zərər dəyib.

-İki aydır davam edən bu cür şəraitdə arıları qorumaq üçün nələr edirsiniz?

-Təəssüf ki, arıları qorumaq üçün heç nə edə bilmirik. Arılar pətəkdədirlər, olduqları yerlərdə sel, daşqın olmayıb. Başqa ölkələrə nisbətən Azərbaycan arıçıları bu məsələdə bir qədər ağıllıdırlar. Güclü külək olmadığı üçün arı pətəklərinə ciddi ziyan dəyməyib. Ancaq gəlir yoxdur. Arıçılar qurd sahəsini azaltmaqla, nisbətən qısa vaxtda olsa belə, arıların çox hissəsinin gəlirə getməsinə və gətirdiyi baldan daha az istifadə etməsinə şərait yarada bilər. Növbəti mərhələdə isə anaların qəfəslənməsi, beləliklə, bal və çiçək tozu istifadəsinin sıfıra düşürülməsi ilə arının maksimum gəlirə işləməsi, eyni zamanda gənəyə qarşı mübarizə ilə işləri yoluna qoymaq olar.

-Məhsulun zərər görməsi qıtlığa səbəb olacaqmı?

-Mövsümün 30-40 faizi geridə qalıb, irəlidə 60-70 faiz var. Əgər bundan sonrakı müddətdə qısa yağışlarla hava maksimum isti keçərsə, ciddi qıtlıq olmayacaq. Əgər hava bu cür davam edərsə, arı ailəsi başına 2-3 kiloqram bal süzə bilməyənlər olacaq. Bu isə ölkədə məhsuldarlığın aşağı düşməsinə səbəb olacaq.

-Bu şərait arıçıların xərclərinə necə təsir edir?

-Biz arıları nektar versin deyə müxtəlif  yerlərə aparırıq. Məsələn, 50 arılıq arıxananı aparmaq üçün 1000 manat xərcimiz çıxır, apardığımız yerdə hava əlverişsizdirsə, əliboş qayıdırıq, qayıdanda da 1000 manat xərc çıxır-maşın, fəhlə, cari ehtiyaclar və s. Xərc qarşılığında qazanc olmalıdır. Xərclə yanaşı, ziyan da olduqda isə vəziyyət dəyişir. Bal nə qədər çox olsa, onun hər kiloqramına çəkilən xərc də azalar. Əgər il ərzində 10 min manat xərc çəkiriksə, hər arı ailəsi 20 kiloqram məhsul verirsə, bunu arı ailəsinə böləndə daha az xərc düşür. Ancaq məhsuldarlıq az olanda hər arı ailəsinə çəkdiyimiz xərcin həcmi artır. Məhsuldarlığı artırmaq üçün arıxananı başqa yerlərə aparanda xərclər artır, hava da əlverişsiz olduqda ümumi xərc fantastik həddə çatır.

-Xərclərin artması yeni mövsümdə arı məhsullarının qiymətində artıma səbəb olacaqmı?

-Azərbaycanın təbiəti nə qədər zəngindirsə, iqlim şəraiti o qədər pisdir. Küləklidir, isti olanda çox isti, soyuq olanda çox soyuq olur, üstəgəl, iqlim dəyişikliyi ilə əlaqədar hava tez-tez dəyişir. Bu isə arı təsərrüfatlarına çox pis təsir edir. Nəzərə alsaq ki, inflyasiya, qiymətlərdə artım var, arıçıların da xərcləri artıb, buna görə də təsərrüfat sahibləri balın qiymətini artırmağa məcbur olacaqlar. Hava belə davam edərsə, arıçıların qiymətləri artırmaqdan başqa çıxış yolu olmayacaq. Elə arıçılar var ki, arıları hələ indi oyanır, bundan sonra da hava pis keçsə, onlar baldan məhrum olacaqlar.

 

Nigar Həsənli
Musavat.com

Chosen
38
musavat.com

1Sources