EN

Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda ərzaqlıq buğda istehsalının daxili tələbatı tam qarşılamaması ölkənin idxaldan asılılığını davam etdirir. Ekspertlərin fikrincə, bu vəziyyət dünya bazarında baş verən qiymət dəyişikliklərinin ölkədaxili çörək və un məmulatlarının qiymətlərinə təsir imkanlarını artırır.

Bəs buğda istehsalındakı çatışmazlıq yaxın dövrdə çörəyin qiymətinə təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən bəri ərzaqlıq buğda üzrə daxili tələbatı tam təmin edə bilmir.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə müəyyən irəliləyiş əldə olunsa da, ölkə hələ də idxaldan ciddi şəkildə asılıdır:

“Vəziyyət əvvəlki illərlə müqayisədə nisbətən yaxşılaşıb. Əvvəllər buğda təminatında təxminən 75 faiz xaricdən asılı idiksə, hazırda bu göstərici 50 faiz civarındadır. Bu isə o deməkdir ki, xarici bazarlarda qiymət dəyişiklikləri baş verdikdə, həmin təsir Azərbaycana idxal olunan buğdanın qiymətində də özünü göstərir. Nəticədə un və un məmulatlarının maya dəyəri artır”.

İqtisadçı vurğulayıb ki, bu problem yeni deyil və uzun illərdir müşahidə olunur:

“Yerli istehsal ölkənin ümumi tələbatını qarşılaya bilmədiyi üçün Azərbaycan illərdir idxala ehtiyac duyur. Buna görə də çörəyin qiymətinin dəyişməsi yalnız buğda amili ilə bağlı deyil. Burada inflyasiya, daşınma xərcləri, enerji daşıyıcılarının qiymətlərindəki artım və digər iqtisadi faktorlar da mühüm rol oynayır”.

N.Cəfərlinin sözlərinə görə, son illərdə kənd təsərrüfatı məhsullarının bahalaşmasına təsir göstərən əsas amillərdən biri də dizel yanacağının qiymətindəki artımdır:

“Bir neçə il əvvəl dizel yanacağının qiyməti 10 faiz artırıldı. Dizel kənd təsərrüfatında, xüsusilə buğdanın əkilməsi, becərilməsi, biçilməsi və daşınması proseslərində əsas xərc komponentlərindən biridir. Yanacağın bahalaşması istehsal xərclərini yüksəldir ki, bu da son nəticədə çörək və digər un məmulatlarının qiymətlərinə təsir edir”.

Ekspert bildirir ki, Azərbaycanın buğda üzrə idxaldan asılılığı davam etdiyi müddətdə dünya bazarlarında baş verən qiymət dəyişiklikləri ölkə daxilində də hiss ediləcək və çörəyin qiymətinə təsir göstərən əsas amillərdən biri olaraq qalacaq.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
1
konkret.az

2Sources