Bakı, 1 iyun, AZƏRTAC
Yaxın Şərqdəki münaqişə, ABŞ və İran arasında sülh razılaşması ilə bağlı qeyri-müəyyənlik fonunda dünya bazarında mis qiymətləri may ayında təxminən 5 faiz dəyər qazanıb.
AZƏRTAC xəbər verir ki, London Metal Birjasında (LME) misin bir tonunun qiyməti 4 faiz artaraq 13 min 600 dollardan yuxarı satılır. ABŞ-nin “Comex” birjasında isə misin qiyməti mayın 14-dən bəri ən yüksək səviyyəyə çatıb.
Ekspertlərin fikrincə, ABŞ və İran arasında atəşkəsin uzadılması ilə bağlı danışıqlar metal bazarlarını dəstəkləyir. Süni intellekt investisiyalarına artan maraq isə misə tələbatı artırır.
ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” misin qiyməti ilə bağlı proqnozunu yuxarıya istiqamətli dəyişib. Bank ilin sonuna dair proqnozunu 10 faizdən çox artıraraq 13 min 735 dollara çatdırıb. Əvvəlki proqnoz 12 min 465 dollar idi.
Qeyd edək ki, Yaxın Şərqdə münaqişənin başlanğıcından bəri əsas metalların qiymətində kəskin dalğalanmalar qeydə alınır. Qlobal miqyasda misə olan tələbat, xüsusən də Çində artan istehlak səbəbindən davamlı olaraq yüksəlir. İlin əvvəlində mis qiymətləri rekord həddə çatıb. Ötən ilin noyabr ayının ortalarından bəri misin qiyməti 20 faizdən çox, ötən il ərzində isə 42 faizədək bahalaşıb.
Mis məlumat mərkəzləri və elektriklə işləyən avtomobillərin batareyaları kimi sahələrdə geniş istifadə olunur.