EN

“Rusiya Paşinyanı terror edə bilər” – Deputatdan ŞOK gözlənti

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü Asim Mollazadə cavablandırıb.

Millət vəkili ilə söhbətimiz Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri və Moskvadan İrəvana artan təzyiqlərdir.

- Asim müəllim, Paşinyanın partiyasının seçkilərdə məğlubiyyət riski varmı?

- Əgər söhbət normal seçkilərdən gedirsə, Paşinyan qalib gəlməlidir. Erməni əhalisi dəfələrlə sülhə səs verib və Paşinyan da xalqına sülh vəd edir. Amma Rusiya imperiyası tərəfindən ona qarşı terror aktı ola bilər. Çünki imperiyaların mahiyyəti bundan ibarətdir. Əks təqdirdə, Paşinyanı dayandırmaq mümkün deyil və seçkilərdə qələbə qazanacaq.

- Sizcə, Rusiya Ermənistana münasibətdə haqlıdırmı? Yəni sizə dövlət qurduq, himayə etdik, indi bizdən üz çevirirsiniz...

- Bu, imperiyaların istifadə etdiyi sözlərdir. İmperiyalar bu yollarla ölkələri təzyiq və təsir altında saxlayırlar. Əvvəlcə müharibələr yaradır, sonra qarşıdurmalarla bölgələri idarə edirlər. Biz Cənubi Qafqazın tarixindən hər şeyi yaxşı bilirik. Ona görə də Paşinyana təzyiqlər davam edəcək. Rusiya bütün imkanlardan istifadə edir. Lakin bir daha təkrar edirəm ki, Paşinyanın seçkilərdə qələbəsinin qarşısını almağın yeganə üsulu Rusiyanın terror aktı törətməsi ola bilər.

- Rusiya tələsdirir ki, Ermənistanda referendum keçirilsin, Avropa Birliyi ilə Avrasiya İqtisadi Birliyi arasında seçim etsin. Hətta buna görə qazın qiyməti ilə qorxudur, bir sıra məhsullarına indidən idxal qadağası qoyur. Necə bilirsiniz, seçkilərdə qələbə qazandığı halda, Paşinyan hansı strateji seçimi edəcək?

- Hər şey Avropa Birliyinin Ermənistana nə verəcəyindən asılıdır. Baxaq görək, Qərb Ermənistanın Avrasiya İttifaqından uzaqlaşmasını necə kompensasiya edəcək. Təbii ki, Rusiya seçkilərdən sonra da Ermənistana təzyiqləri artıracaq. Ümumiyyətlə, imperiya heç bir ölkədən əl çəkmir. Ukraynaya baxın, Qazaxıstana da təzyiqlər var. Azərbaycan istisna, digər respublikalar Rusiyanın yaratdığı problemlərlə üzləşib.

Emil Salamoğlu
Musavat.com

Chosen
37
musavat.com

1Sources