Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiya mediasında və Kremlə yaxın siyasi çevrələrdə Baş nazir Nikol Paşinyana qarşı ritorika daha da sərtləşir. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Rusiya federal telekanallarında yayımlanan proqramlarda Ermənistan rəhbərliyi açıq şəkildə hədəfə alınıb, İrəvanın Avropa kursu tənqid edilib və ölkənin gələcəyi ilə bağlı sərt mesajlar səsləndirilib.
Rusiya təbliğatının əsas simalarından olan Dmitri Kiselyov öz proqramında Paşinyanı keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili ilə müqayisə edib. Onun sözlərinə görə, Ermənistan baş naziri “rusofobiya yoluna qədəm qoyub”, Qərbə doğru sürətlə istiqamətlənir və ölkəni Moskva ilə münasibətlərdən uzaqlaşdırır.
Kiselyov Ermənistanın Avropa kursunu “reallıqdan uzaq vədlər” adlandıraraq Paşinyanı vətəndaşları aldatmaqda ittiham edib. Proqramda tamaşaçılara Rusiya bazarından uzaqlaşmanın qaz qiymətlərinin yüksəlməsinə, ixrac bazarlarının bağlanmasına və həyat səviyyəsinin aşağı düşməsinə səbəb olacağı fikri təlqin olunub. Kiselyov çıxışının sonunda Ermənistan üçün belə kursun nəticəsini “iflas” adlandırıb.
Daha sərt fikirlər isə Vladimir Solovyovun efirində səslənib. Politoloq Sergey Mixeyev postsovet ölkələrinin suverenliyini faktiki olaraq şübhə altına alan ifadələr işlədib: “Rusiya sizin mövcudluğunuza razıdırsa, siz mövcudsunuz. Razı olmağı dayandırsa, böyük problemlər başlayacaq”.
Mixeyev Moskvanın uzun illər qonşu ölkələrə iqtisadi güzəştlər verdiyini, lakin bunun qarşılığında siyasi loyallıq görmədiyini iddia edib və münasibətlərin bundan sonra “iqtisadi imtiyazlar müqabilində siyasi sədaqət” prinsipi ilə qurulmalı olduğunu deyib.
Solovyovun proqramında Ermənistanla Ukrayna arasında paralellər də aparılıb. Mixeyev İrəvanın hazırkı kursunun “Ukrayna ssenarisinə” bənzədiyini bildirərək erməniləri “düşünüb seçim etməyə” çağırıb. Digər çıxışçılar isə Ermənistan hakimiyyətini seçkiləri saxtalaşdırmaq niyyətində olmaqda və ölkəni bilərəkdən Rusiya ilə qarşıdurmaya sürükləməkdə suçlayıblar.
Ritorikanın sərtləşməsi Ermənistanla Rusiya arasında münasibətlərin gərginləşdiyi dövrə təsadüf edir. Son aylarda Rusiya rəsmiləri Paşinyanı Moskva xəttindən uzaqlaşmaqda ittiham edir, Ermənistanın Avropa Birliyi ilə yaxınlaşmasını açıq şəkildə tənqid edirlər. Dmitri Medvedev daha əvvəl Ermənistanın “banderaçı Ukraynanın yolu” ilə getdiyini bildirərək, enerji qiymətlərinin bahalaşması və Rusiya bazarının itirilməsi ilə bağlı xəbərdarlıq edib.
Musavat.com