EN

Allergiyanın güclənməsinin gözlənilməz səbəbiAŞKARLANDI

Mikroplastikin tənəffüs yollarına düşərək allergik reaksiyaları gücləndirə biləcəyi müəyyən edilib.

Redaktor.az xəbər verir ki, araşdırma Avstriyanın Vyana Tibb Universitetinin alimləri tərəfindən aparılıb. Tədqiqatın nəticələri "Journal of Hazardous Materials Advances" jurnalında dərc olunub.

Alimlər içki butulkaları, qablaşdırma materialları və sintetik parçalarda geniş istifadə olunan polietilentereftalat (PET) mikrohissəciklərinin orqanizmə təsirini araşdırıblar. Təcrübələr zamanı plastik hissəciklər laboratoriya siçanlarının tənəffüs yollarına yeridilib və orqanizmin reaksiyası müşahidə olunub.

Məlum olub ki, mikroplastik hissəciklər bir dəfə tənəffüs yollarına daxil olduqdan sonra ən azı iki həftə ərzində ağciyərlərdə qalır. Bu müddətdə toxumalarda iltihabi proseslər yaranır, allergik reaksiyalarda mühüm rol oynayan limfosit və eozinofil hüceyrələrinin sayı isə əhəmiyyətli dərəcədə artır.

Tədqiqat zamanı ən güclü təsir mikroplastikin ambroziya tozu ilə birlikdə orqanizmə təsiri zamanı müşahidə edilib. Bu halda tənəffüs yollarında yaranan iltihab yalnız allergenə məruz qalma ilə müqayisədə daha ağır olub.

Əlavə analizlər göstərib ki, mikroplastik hissəciklər yalnız ağciyərlərdə deyil, bütövlükdə immun sistemində dəyişikliklər yaradır. Onlar allergenlərə qarşı anticisimlərin istehsalına təsir göstərərək allergik reaksiyaların güclənməsinə səbəb olur.

Tədqiqat müəlliflərinin sözlərinə görə, mikroplastik ətraf mühitin sadəcə passiv çirkləndiricisi hesab edilə bilməz. Bu hissəciklər orqanizmə daxil olduqda immun sisteminin fəaliyyətinə müdaxilə edir və allergik xəstəliklərin inkişaf mexanizmlərini gücləndirə bilir.

Alimlər qeyd edirlər ki, araşdırma heyvanlar üzərində aparılıb. Bununla belə, əldə olunan nəticələr mikroplastikin insan sağlamlığı üçün yarada biləcəyi risklərlə bağlı narahatlıqları daha da artırır.

Gələcək tədqiqatlarda plastik hissəciklərin uzunmüddətli təsirinin xroniki iltihabi və allergik tənəffüs yolu xəstəliklərinin inkişafına necə təsir göstərdiyi öyrəniləcək.

NURİYYƏ

Chosen
45
1
redaktor.az

2Sources