Bu gün keçirilən “Bakı Enerji Həftəsi” çərçivəsində cənab Prezident İlham Əliyevin çıxışında Azərbaycanın enerji siyasətinin son 30 illik inkişaf yoluna və qarşıdakı hədəflərinə dair mühüm mesajlar vardı.
Həqiqətən də Azərbaycan son 30 ildə ardıcıl şəkildə 3 böyük enerji mərhələsindən keçir. Birinci mərhələ neft strategiyası idi. Vaxtilə Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşacağına inanmayanlar az deyildi. Azərbaycanın kifayət qədər resursa malik olmadığı, layihənin iqtisadi baxımdan özünü doğrultmayacağı barədə çoxsaylı şübhələr səsləndirilirdi.
İkinci mərhələ qaz strategiyası oldu. Dəyəri 40 milyard dollarla ölçülən Cənub Qaz Dəhlizinin həyata keçirilməsi dövründə də müxtəlif maneələr, tərəddüdlər və skeptik yanaşmalar mövcud idi. Lakin bu gün Azərbaycan qazı artıq 16 ölkəyə çatdırılır və Avropanın enerji təhlükəsizliyinin mühüm elementlərindən birinə çevrilib.
Hazırda isə ölkə üçüncü böyük mərhələyə daxil olub. Bu mərhələ alternativ və yaşıl enerji strategiyasıdır. Azərbaycanın günəş, külək və hidroenerji pote nsialı kifayət qədər böyükdür. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Böyük Britaniya və digər ölkələrin aparıcı şirkətləri artıq bu sahəyə iri investisiyalar yatırırlar. Hüquqi baza formalaşıb, beynəlxalq tərəfdaşlıqlar qurulub, yaşıl enerji ixracı istiqamətində konkret layihələr icra edilir. 2022-cü ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerji dəhlizi təşəbbüsü də bu strategiyanın mühüm tərkib hissəsidir.
Prezidentin çıxışında diqqət çəkən digər vacib məqamlardan biri nəqliyyat və logistika imkanları ilə bağlı idi. Zəngəzur dəhlizi təkcə Orta Dəhlizin yeni qolu deyil. Bu marşrut gələcəkdə Şərq-Qərb istiqamətində yükdaşımaların genişlənməsinə xidmət etməklə yanaşı, Şimal-Cənub və Cənub-Qərb istiqamətlərində formalaşan yeni ticarət və nəqliyyat axınlarının da vacib hissəsinə çevrilə bilər. Bu isə Azərbaycanın enerji və logistika mərkəzi kimi rolunu daha da gücləndirir.
Son 30 ilin təcrübəsi göstərir ki, vaxtilə mümkünsüz hesab edilən neft və qaz layihələri necə reallığa çevrilibsə, yaşıl enerji istiqamətində qarşıya qoyulan hədəflər də eyni strateji yanaşma ilə həyata keçirilə bilər. Ən önəmlisi isə odur ki, yaşıl enerji strategiyası Azərbaycanın enerji tarixində ilk dəfə olaraq neft və qaz ehtiyatlarından kənarda yeni dəyər zənciiri formalaşdıracaq, qeyri-neft-qaz sektorunda enerji əsaslı yeni iqtisadi artım mənbələri yaradacaqdır.
Eldəniz Əmirov iqtisadçı