EN

"Halbuki sual yaranır ki, o qadın niyə abort qərarına gəldi?"

Azərbaycanda abortların sayı ilə bağlı açıqlanan son statistika müzakirələrə səbəb olub. Rəsmi məlumatlara görə, ötən il ölkədə 95 min 117 abort qeydə alınıb ki, bu da son illərin ən yüksək göstəricilərindən biri hesab olunur. Mütəxəssislər bu rəqəmlərin arxasında həm sosial-iqtisadi amillərin, həm ailədaxili problemlərin, həm də maarifləndirmə səviyyəsinin dayandığını bildirirlər. Xüsusilə gənc ailələrdə iqtisadi çətinliklər, planlaşdırılmamış hamiləliklər və sosial təzyiqlərin bu statistikaya təsir etdiyi qeyd olunur.

Bəs İslamda aborta münasibət necədir? 

Mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, Azərbaycanda son günlər cəmiyyət arasında abort məsələsi problemli məsələ olaraq çoxalmaqda davam edir:

“Bununla bağlı açıqlanan son statistika hələ məsələnin bilinən tərəfləridir. Ola bilər ki, bizə məlum olmayan ciddi say da var. Bu statistika təkcə tibbi və ya demoqrafik rəqəm deyil. Bu məsələ ailənin psixoloji vəziyyəti, iqtisadi çətinliklər, sosial münasibətlər, qadının qorxuları, kişinin məsuliyyəti, cəmiyyətin mənəvi durumu və insan həyatına baxışı ilə birbaşa əlaqəlidir. Bir ildə 95 mindən çox abortun qeydə alınması artıq yalnız fərdi seçim məsələsi kimi deyil, ciddi ictimai, mənəvi və psixoloji problem kimi düşünülməlidir. Burada təkcə dini hökm danışmaq kifayət etmir. İnsanları qınamaq yox, səbəbləri anlamaq və çıxış yolları göstərmək lazımdır. Qurani Kərimdə insan həyatının qorunması ən əsas prinsiplərdən biri kimi təqdim olunur. Allah buyurur ki, “Övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk” (“Ənam” surəsi, 151; “İsra” surəsi, 31). Bu ayələr ilk baxışda diri uşaqların öldürülməsi ilə bağlı nazil olsa da, bir çox müasir alimlər bildirirlər ki, burada verilən prinsip ümumilikdə insan həyatının maddi qorxu səbəbi ilə məhv edilməməsidir. Çünki cahiliyyət dövründə insanlar kasıblıq qorxusu ilə uşaqlarını diri-diri torpağa basdırırdılar. Bu gün isə fərqli formada olsa da, iqtisadi qorxu, sosial təzyiq və gələcək narahatlığı bəzi ailələri abort qərarına sürükləyir. Əslində diri diri toprağa basdırılmaqla yeni yaranan uşaq rüşeyminin ciddi səbəb olmadan ana bətnindən götürülməsi eyni günah deməkdir”. 

O deyib ki, İslam hüququnda abort məsələsi ən çox müzakirə olunan mövzulardan biridir:

“Burada bütün alimlərin eyni mövqedə olduğunu demək doğru olmaz. Çünki məsələ insan həyatının başlanğıcı ilə bağlıdır və klassik fiqh məktəblərində bu barədə müxtəlif yanaşmalar mövcuddur. Bununla belə, ümumi prinsip insan həyatının qorunmasıdır. Hədislərdə bildirilir ki, insanın ana bətnində yaranma mərhələləri vardır. Abdullah ibn Məsuddan nəql edilən məşhur hədisdə Peyğəmbər (ona və ailəsinə salam olsun) buyurur ki, insan ana bətnində əvvəl qırx gün nütfə, sonra qırx gün laxta qan, daha sonra qırx gün ət parçası halında olur və sonra ona ruh üfürülür. Bu hədis “Səhih Buxari” və “Səhih Müslim”də keçir. Bir çox klassik alim ruhun üfürülməsi mərhələsini təxminən 120 gün olaraq qəbul edib və bu mərhələdən sonrakı abortu böyük günah sayıb. Bu gün təəsüf edirik ki, heç bir ciddi səbəb olmadan, hansısa adi məsələyə görə ana bətnində formalaşan uşağı bədəndən götürüb tələf etməklə gələcəkdə formalaşan ruhu və bədəni olan bir şəxsiyəti həyatdan məhrum edərək böyük günahlara yol açırlar. Qeyd edim ki, Hənəfi məzhəbində bəzi alimlər ilk qırx gün içində müəyyən zərurət hallarında aborta daha yumşaq yanaşıblar. Şafii və Hənbəli alimləri arasında da fərqli baxışlar olub. Lakin ruh üfürüldükdən sonra, yəni dörd aydan sonra aborta icazə verən alimlərin sayı çox azdır və əsasən yalnız ananın həyatı təhlükədə olduqda buna icazə verilib. Çünki burada artıq iki həyat məsələsi ortaya çıxır və fiqhdə “daha böyük zərərin qarşısını almaq” prinsipi əsas götürülür. Müasir İslam fiqh akademiyalarının əksəriyyəti də bildirir ki, ana həyatını ciddi təhlükə gözləyirsə, tibbi komissiyanın rəyi ilə müəyyən hallarda abort mümkün ola bilər. Ama heç bir səbəb olmadan bir insanın həyatına qəsd etmək böyük günahdır”. 

İlahiyyatçı diqqətə çatdırıb ki, İslam dini qadının yaşadığı çətinlikləri də görməzdən gəlmir:

“Bəzən insanlar dini yalnız hökm kimi təqdim edir, amma insanın daxilindəki qorxu, çıxılmazlıq, depressiya, ailə zorakılığı, maddi acizlik, tək qalmaq hissi nəzərə alınmır. Halbuki Quran insanı anlayaraq yanaşmağı öyrədir. Bu gün abort statistikasının yüksək olmasının səbəbləri arasında ailə institutunun zəifləməsi, erkən və məsuliyyətsiz münasibətlər, sosial media təsiri, mənəvi boşluq, iqtisadi narahatlıqlar və psixoloji dəstəyin zəifliyi də dayanır. Müasir elmi araşdırmalar da göstərir ki, abort yalnız tibbi proses deyil. Xüsusilə təzyiq altında və ya istəksiz şəkildə edilən abortlardan sonra bəzi qadınlarda uzunmüddətli psixoloji təsirlər müşahidə olunur. Bir sıra beynəlxalq psixoloji və tibbi araşdırmalarda abort sonrası peşmanlıq, depressiv hallar, emosional boşluq, günahkarlıq hissi və travmatik stress reaksiyalarının müəyyən qadın qruplarında ortaya çıxdığı qeyd edilir. Digər tərəfdən, alimlər vurğulayırlar ki, qadınların bir hissəsi abort qərarını sosial dəstək görmədiyi üçün verir. Yəni məsələni yalnız qadının üstünə yıxmaq da doğru yanaşma deyil. Burada ailənin, kişinin, dövlətin və cəmiyyətin də məsuliyyəti var. İslamın əsas məqsədlərindən biri “nəslin qorunmasıdır”. Klassik alimlər buna “hifzun-nəsl” deyiblər. Yəni ailə və insan nəslinin qorunması şəriətin əsas məqsədlərindən hesab olunur. Amma bu qoruma yalnız qadağa ilə mümkün olmur. İnsanlara evlilik imkanları yaratmaq, gənclərin iqtisadi vəziyyətini yaxşılaşdırmaq, ailədaxili zorakılığı azaltmaq, qadınların tibbi və psixoloji dəstəyə çıxışını gücləndirmək, məsuliyyətli valideynlik mədəniyyəti formalaşdırmaq lazımdır. Əgər bu gün hansısa deputat deyirsə ki, "biz uşaq pulunu versək valideyn dövlətdən asılı qalacaq" onda abortların da çoxalması qaçınılmaz olacaq. Deputatlar insanlara elə ifadələr, elə sözlər deməlidirlər ki, bunu əməldə elə göstərməlidirlər ki, ölkəmizdə abortların sayı çoxalmaq əvəzinə azalsın. Bu gün bəzən insanlar yalnız “abort haramdır” deyib mövzunu bağlamağa çalışırlar. Halbuki sual yaranır ki, o qadın niyə bu qərara gəldi? Nə üçün öz övladından qorxdu? Niyə gələcəkdən ümidsiz oldu? Cəmiyyət yalnız hökm danışanda, amma insanın ağrısını anlamayanda problem həll olunmur. İslam həm hökm verir, həm də mərhəmət göstərir. Peyğəmbərin (ona və ailəsinə salam olsun) həyatı incələnəndə görünür ki, o insanları qırmaqla yox, çıxış yolu göstərməklə dəyişirdi.

Burada başqa mühüm məsələ də var. Bəzi insanlar abort mövzusunda yalnız dini tərəfi danışır, amma planlaşdırılmış ailə anlayışını ümumiyyətlə qəbul etmirlər. Halbuki klassik İslam alimləri ailənin məsuliyyətli şəkildə planlaşdırılmasını müəyyən çərçivədə qəbul ediblər. Hətta səhabələrin “əzl” üsulundan istifadə etməsi ilə bağlı səhih hədislər mövcuddur. Əzl üsulu kişinin boşalma zamanı spermanın qadının uşaqlığına daxil olmasının qarşısını alaraq hamiləliyin yaranmamasına çalışdığı qorunma metodudur. Bu da onu göstərir ki, İslam məqsədsiz və məsuliyyətsiz münasibəti deyil, şüurlu ailə modelini təşviq edir. Ən təhlükəli məsələlərdən biri isə abortun adi və normal bir proses kimi təqdim edilməsidir. İnsan həyatına qarşı həssaslıq zəifləyəndə cəmiyyət tədricən mənəvi yorğunluq yaşayır. Quranda bir insanın həyatını xilas etməyin bütün insanlığı xilas etmək kimi olduğu bildirilir (“Maidə” surəsi, 32). Bu ayə insan həyatının nə qədər müqəddəs olduğunu göstərir. Ana bətnindəki həyat da bu müqəddəsliyin başlanğıcı kimi qəbul olunur. Məncə burada ən vacib məsələ insanları qorxu ilə deyil, anlayışla maarifləndirməkdir. Abort mövzusu nə yalnız sərt dini qınaqla həll olunar, nə də tam sərbəst seçim adı ilə normallaşdırılmalıdır. Cəmiyyət insan həyatının dəyərini, ailənin məsuliyyətini və valideynliyin mənəvi yükünü yenidən düşünməlidir. İnsan yalnız dünyaya gələn zaman yox, hələ ana bətnində ikən də Allahın yaratdığı bir əmanətdir. Bu əmanətə münasibət isə həm vicdanın, həm inancın, həm də insanlığın göstəricisidir”.

Leyla Turan
Demokrat.az
Chosen
41
1
demokrat.az

2Sources