EN

Pomidor, bibər və çiyələkdən sonra indi də balıq - Rusiyadan Ermənistana yeni məhdudiyyət...



Rusiya Ermənistandan idxal edilən balıq məhsullarının sertifikatlaşdırılmasının dayandırılmasını tələb edib. Bundan əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Fedaral Xidməti (Rosselxoznadzor) Ermənistan mənşəli və bu ölkədən göndərilən pomidor, xiyar, bibər, göyərti və çiyələk məhsullarına 30 maydan müvəqqəti məhdudiyyətlərin tətbiq olunacağını açıqlamışdı. Bu məhdudiyyətlər daşınma zamanı baş verən pozuntuların artması ilə əlaqədar idi.

Indi isə “Rosselxoznadzor” Ermənistanda balıq emalı müəssisələrində və alabalıq istehsal edən təsərrüfatlarda yoxlama aparıldığını açıqlayıb. Qurum bildirib ki, 21–27 may tarixlərində Ermənistanın balıq emalı müəssisələri və alabalıq təsərrüfatlarında yoxlamalar aparılıb. Rusiya tərəfinin açıqlamasına görə, Ermənistan müəssisələrinin təxminən 50%-i yoxlamadan imtina edib. Audit nəticələrinin "qənaətbəxş olmadığı" qeyd edilən açıqlamada, yoxlamadan keçmiş yalnız iki müəssisənin məhsullarına, təhlükəsizlik göstəricilərinə dair laborator nəzarət şərti ilə icazə veriləcək.

"Ermənistan tərəfi, artıq yoxlamalardan keçmiş iki şirkət istisna olmaqla, bütün şirkətlərindən Rusiya alıcıları üçün nəzərdə tutulmuş canlı balıq və balıq məhsulları ilə bağlı baytarlıq sertifikatlaşdırmasını 2 iyun 2026-cı il tarixindən etibarən dayandırmalıdır" – deyə açıqlamada bildirilir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Ermənistan Avropa Birliyinə qoşularsa, Avrasiya İqtisadi Birliyinin standartları artıq onun Rusiya bazarına göndərdiyi məhsullara şamil edilməyəcək.

Tahir TAĞIYEV

Chosen
31
baki-xeber.com

1Sources