EN

NASA rəhbəri: Qəzaya uğramış yadplanetli gəmilər barədə məlumat yoxdur

BAKI, 2 iyun. TELEQRAF

ABŞ Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) rəhbəri Cared Ayzekman qurumun qəzaya uğramış yadplanetli kosmik gəmilər və ya ölmüş yadplanetlilərlə bağlı hər hansı sənədləşdirilmiş məlumata malik olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Ayzekman Vaşinqtonda keçirilən CNBC CEO Council Summit forumunda çıxışı zamanı bəşəriyyətin yadplanetli sivilizasiyalarla təması və ABŞ hökumətinin naməlum uçan obyektlərlə bağlı hansı məlumatları açıqlamağı planlaşdırdığı barədə sualı cavablandırıb.

NASA rəhbərinin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dövlət qurumlarına bu mövzu ilə bağlı bütün sənədləri toplayaraq ictimaiyyətə təqdim etməyi tapşırıb.

"Bu təşəbbüsün çox gözəl olduğunu düşünürəm. İnsanlar məlumatları özləri qiymətləndirə biləcəklər. Lakin mənim qəzaya uğramış yadplanetli gəmiləri və ya yadplanetlilərin cəsədləri ilə bağlı heç bir məlumatım yoxdur", - deyə Ayzekman bildirib.

Bununla yanaşı, o qeyd edib ki, NASA və digər qurumlarda naməlum hava hadisələri (UAP) ilə bağlı müəyyən sənədlər mövcuddur və həmin materiallar ictimaiyyət üçün əlçatan edilir.

Xatırladaq ki, Donald Tramp fevral ayında ABŞ hökumətinin ehtimal olunan yadplanetli həyat formaları, naməlum uçan obyektlər və digər anomaliya hadisələri ilə bağlı sənədləri mərhələli şəkildə açıqlamağa başlayacağını bildirmişdi. ABŞ prezidenti bunun üçün müdafiə naziri Pit Heqsetə və aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verəcəyini açıqlamışdı.

Chosen
118
teleqraf.com

1Sources