EN

Aİ enerji böhranına görə büdcə qaydalarını yumşalda bilər

BAKI, 2 iyun. TELEQRAF

Avropa Komissiyası Yaxın Şərqdəki münaqişənin yaratdığı enerji böhranının təsirlərini azaltmaq məqsədilə Avropa İttifaqına üzv ölkələr üçün büdcə qaydalarında güzəştlər tətbiq etməyi nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası hərbi xərclərlə bağlı tətbiq olunan istisnalara bənzər mexanizmin enerji sektoruna da şamil olunmasını müzakirə edir. Bu halda Aİ ölkələri maliyyə intizamı qaydalarını pozmaq riski olmadan enerji xərclərinə ümumi daxili məhsulun (ÜDM) təxminən 0,3 faizi həcmində vəsait ayıra biləcəklər.

Agentliyin yazdığına görə, mümkün tədbirlərin detalları hələ tam müəyyənləşməyib və yekun qərar qəbul edilməyib.

Hazırda Avropa İttifaqında sərt fiskal qaydalar qüvvədədir. Bu qaydalara əsasən, üzv dövlətlərin büdcə kəsiri ÜDM-in 3 faizini keçməməlidir. Limitin aşılması halında ölkələr Aİ tərəfindən sanksiyalarla üzləşə bilərlər.

"Bloomberg" qeyd edir ki, Avropa Komissiyası daha əvvəl ittifaqın sürətlə hərbiləşdirilməsi fonunda üzv ölkələrə maliyyə qaydalarından istisna mexanizmlərindən istifadə etməyə icazə verəcəyini açıqlamışdı. Həmin mexanizm çərçivəsində dövlətlər hərbi ehtiyaclara ÜDM-in 1,5 faizinə qədər vəsait ayıra və bu xərclər büdcə qaydalarının pozulması kimi qiymətləndirilməyə bilər.

Məlumata görə, enerji bazarındakı çətinliklərə baxmayaraq, Avropa Komissiyası üzv ölkələrdən Rusiya qazının alınmasından tam imtina olunması ilə bağlı mövqeyini dəyişməyib.

Chosen
95
teleqraf.com

1Sources