EN

KİV: ABŞ Omandan İranla əlaqələri kəsməyi tələb edir

BAKI, 2 iyun. TELEQRAF

ABŞ administrasiyası Omandan İranla diplomatik münasibətlərə yenidən baxmağı və Tehranla əlaqələri dayandırmağı tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumatlı mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, Vaşinqton son dövrlərdə Maskatın Tehranla münasibətlərini öz maraqlarına zidd addım kimi qiymətləndirməyə başlayıb.

Mənbələrin iddiasına əsasən, ABŞ Prezidenti Donald Tramp administrasiyası Oman hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilə biləcəyi, hətta hərbi tədbirlərin görülə biləcəyi barədə xəbərdarlıq edib. Buna səbəb kimi isə Amerika kəşfiyyatının Oman və İranın Hörmüz boğazından keçidlərə görə birgə ödəniş tətbiq etməyi planlaşdırdığına dair qənaəti göstərilir.

Qəzet qeyd edir ki, Oman tərəfi bu ittihamları dəfələrlə təkzib edib.

Məlumata görə, Oman rəsmiləri Vaşinqtonun gözlənilməz sərt mövqeyindən təəccübləniblər və ABŞ-ın addımlarına cavab variantlarını müzakirə edirlər.

Bununla yanaşı, "The Wall Street Journal" yazır ki, sərt ritorikaya baxmayaraq, Tramp administrasiyası Omanın İrana dəstəyinə görə bu ölkəyə qarşı hərbi əməliyyat keçirməyi planlaşdırmır.

Chosen
53
teleqraf.com

1Sources