EN

İlandağda 2800 yaşı olan qayaüstü mixi yazılı mətnin yeri müəyyən edilib

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini professor Vəli Baxşəliyev, Arxeologiya və Antropologiya İnstitutunun Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəisi, institutun şöbə müdiri dosent Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərov İlandağ ərazisində e.ə. VIII əsrlərə aid qaya üzərində Urartu mixi yazılı mətnin yerini aşkar ediblər.

Bu barədə AZƏRTAC-a Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, XX əsrin 80-ci illərinin sonunda İlandağ ərazisində qaya üzərində göstərilən mixi yazılı mətn aşkar olunaraq elmi dövriyyəyə daxil edilmişdi. Lakin abidənin yeri dəqiq göstərilməmişdi. Bu illər ərzində dəfələrlə axtarış cəhdlərinə baxmayaraq, abidənin yerini aşkar etmək mümkün olmamışdı.

Qeyd edək ki, İlandağ ərazisindəki qaya üzərində mixi yazılı mətndə Urartu çarı I Sardurinin oğlu İşpuini (e.ə.820-810 cu illər) və onun oğlu Menua (e.ə.786-764 illər) mədh olunub. Mövcud tərcümə versiyasına görə, mətndə bu sözlər əks olunub: “Haldi tanrısının himayəsi altında Sardurinin oğlu İşpuini (və) İşpuininin oğlu Minua Arşini şəhərini fəth etdilər. Onlar (və ya o) Arşini şəhərinin torpağını fəth etdilər, onlar (və ya o) Aniani şəhərinin torpağını fəth etdilər və (və ya o) onu dağıtdılar.... o, Haldi tanrısı üçün bir stela ucaltdı. Puluadi torpağında bir ritual tətbiq etdi: O (ritualda iştirak edən) Puluadi torpağından Haldi tanrısına [bir öküz] və Haldi tanrısının arvadına bir inək qurban verə bilərmi?”

Chosen
60
10
azertag.az

10Sources