EN

Vüqar Rəhimzadə: Qlobal enerji gündəmi Bakıda formalaşır

“Bakı Enerji Həftəsi qlobal enerji sektorunda strateji dialoq, beynəlxalq əməkdaşlıq və yeni biznes əlaqələrinin qurulduğu mühüm platforma kimi çıxış edir. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb. Hazırda sözügedən tədbir ənənəvi enerji sektorundan daha geniş istiqamətləri əhatə edərək enerji keçidi, yaşıl enerji, rəqəmsallaşma, süni intellekt texnologiyaları, logistika, sənaye və infrastruktur sahələrini də birləşdirən beynəlxalq biznes ekosisteminə çevrilib”.

Azreform.info xəbər verir ki, bunu deputat Vüqar Rəhimzadə deyib.

Vüqar Rəhimzadənin sözlərinə görə, ildən-ilə  tədbir iştirakçılarının say tərkibində artım bir daha təsdiqləyir ki, Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrilib. “Hər bir tədbir əhatə etdiyi  məsələyə uyğun olaraq keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan hər zaman malik olduğu enerji resursları, coğrafi mövqeyi ilə dünyanın diqqətində olub. Öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək xalqımızın ən böyük arzusu idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələ yeni neft strategiyasının hazırlanması  və uğurla həyata keçirilməsi ilə xarakterizə olunur. 1994-ci ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın bugünkü və gələcək inkişafının əsası qoyuldu”, - o qeyd edib.

Deputat əlavə edib ki, bunun nəticəsi olaraq Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi: “Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi hazırda 350 milyard dollardan artıqdır. Bu reallığı da qeyd etmək lazımdır ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan ölkələrin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Ümummilli Lider Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində bu  tərəddüdlərin aradan qaldırılması təmin edildi. Ulu Öndər “Əsrin müqaviləsi”nin imzalanmasından öncə dünya təcrübəsinə əsasən bu çağırışı səsləndirmişdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bu sazişin imzalanmasından öncə neft-qaz sərgisinin keçirilməsi Azərbaycanın malik olduğu enerji imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyev  çıxışında da qeyd etdi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini, hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu”.

Vüqar Rəhimzadə əlavə edib ki, yürüdülən düzgün siyasət nəticəsində  Azərbaycan Avrasiyanın vacib nəqliyyat qoşaqlarının birinə çevrilib: “Prezident İlham Əliyev çıxışında diqqəti Azərbaycan dövlətinin dəmir yolu və avtomobil yolu infrastrukturuna qoyduğu sərmayələr sayəsində ölkəmizin yeni nəqliyyat dəhlizləri açmasına və qitələri bir-biri ilə əlaqələndirməsinə yönəltdi. Dövlət başçısı bildirdi ki, artıq Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcək. Bu reallıq xüsusi qeyd edildi ki, bütün bu nailiyyətlər yüksəksəviyyəli diplomatik fəaliyyət nəticəsində mümkün olmuşdur. Çünki Azərbaycan dənizə birbaşa çıxışı olmayan ölkədir. Bizim dünya okeanlarına çıxışımız yoxdur. Bu səbəbdən enerji resurslarımızı ixrac etmək üçün digər ölkələrin ərazisindən keçmək zərurəti yaranır. Buna nail olmaq üçün isə yalnız qonşularınızla deyil, qonşularınızın qonşuları ilə də yaxşı münasibətlər qurmalısınız. Biz buna nail olmuşuq”.

V. Rəhimzadə bildirib ki,  Azərbaycanın enerji siyasəti uğurlarımızın davamlılığını şərtləndirir: “Hər il ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi yeni əməkdaşlıqlara yol açır. İmzalanan sənədlər yeni tərəfdaşların, dostların qazanılmasını şərtləndirir. Prezident İlham Əliyev bir daha bu əminliyi ifadə etdi ki, aparılan müzakirələr, təmaslar, yeni ideyalar və nəticəyönümlü planlar hamımız üçün faydalı olacaq”.

Mürtəza

Chosen
24
10
azreform.info

10Sources