Enerji bazarlarında yüksək qeyri-müəyyənlik və eyni zamanda son dərəcə yüksək dəyişkənlik hökm sürür.
"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən "Deloitte" şirkətinin “Strategiya və tranzaksiyalar” istiqaməti partnyoru Aleksios Zaxariadis bildirib.
Onun sözlərinə görə, bu vəziyyət enerji axınlarına da təsir göstərir. Münaqişələr açıq şəkildə göstərdi ki, şirkətlər öz fəaliyyətlərinin dayanıqlığını artırmalıdırlar.
"Münaqişələr və geosiyasi qeyri-sabitlik şəraitində kimlər daha güclü çıxacaq? Bunlar yüksək qeyri-müəyyənlik şəraitində aydın seçimlər etməyə və cəsarətli qərarlar qəbul etməyə qadir olan şirkətlər və hökumətlər olacaq", - Aleksios Zaxariadis qeyd edib.
Onun sözlərinə görə, neft və qaz sisteminə upstream (hasilat) baxımından nəzər salsaq, qaliblər “üstünlüklü barellərə” fokuslana bilənlər olacaq.
"Mən “üstünlüklü barellər” dedikdə aşağı maya dəyərinə, aşağı karbon intensivliyinə malik olan, yüksək etibarlılıqla təchizat həyata keçirə bilən və güclü inkişaf planına sahib olan istehsalı nəzərdə tuturam", - Aleksios Zaxariadis vurğulayıb.
O əlavə edib ki, qeyri-müəyyən dövrlərdə etibarlılıq artıq mühüm kommersiya dəyəri amilinə çevrilib.