EN

“Bakı Enerji Həftəsi” Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində artan rolunu bir daha nümayiş etdirir ŞƏRH

Bakı, 2 iyun, AZƏRTAC

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji siyasətinin uğurlarını və ölkənin beynəlxalq enerji təhlükəsizliyində artan rolunu bir daha nümayiş etdirir. Müstəqillik illərində həyata keçirilən məqsədyönlü enerji strategiyası Azərbaycanı regionun və Avropanın etibarlı enerji tərəfdaşlarından birinə çevirib. Bu gün ölkəmiz yalnız öz enerji təhlükəsizliyini təmin etmir, həm də bir çox dövlətlərin enerji təminatında mühüm rol oynayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.

O bildirib ki, dünyada davam edən geosiyasi gərginliklər, müharibələr və iqtisadi çağırışlar enerji məsələsini daha da aktuallaşdırır. Belə bir şəraitdə “Bakı Enerji Həftəsi” enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf məsələlərinin müzakirə edildiyi mühüm platforma kimi çıxış edir. Tədbir göstərir ki, enerji siyasəti artıq təkcə iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyan amildir.

“Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların əsasında təbii sərvətlərdən səmərəli istifadə və uzaqgörən dövlət siyasəti dayanır. Müstəqilliyin ilk illərində ağır sosial-iqtisadi vəziyyətlə üzləşən ölkə enerji resurslarını inkişafın əsas hərəkətverici qüvvəsinə çevirə bilib. Neft və qaz layihələri iqtisadiyyatın güclənməsinə, sosial rifahın yüksəlməsinə və dövlətin maliyyə imkanlarının genişlənməsinə şərait yaradır.

Bu gün Azərbaycanın beynəlxalq enerji layihələrində iştirakı regional əməkdaşlığın genişlənməsinə xidmət edir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının müxtəlif ölkələrə nəqli enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verir. Eyni zamanda, ölkənin təşəbbüsü ilə həyata keçirilən layihələr dövlətlər arasında qarşılıqlı etimadı və tərəfdaşlığı gücləndirir.

Yaşıl enerji sahəsində atılan addımlar da Azərbaycanın gələcəyə hesablanmış siyasətinin tərkib hissəsidir. Bərpaolunan enerji mənbələrinin inkişafı, yeni enerji marşrutlarının yaradılması və nəqliyyat layihələrinin reallaşdırılması ölkənin strateji əhəmiyyətini daha da artırır. Xəzər regionunda və Mərkəzi Asiya istiqamətində həyata keçirilən təşəbbüslər Azərbaycanın regional əməkdaşlığın əsas iştirakçılarından biri olduğunu göstərir”, - deyə S.Xasayeva vurğulayıb.

Deputat deyib: “Bakı Enerji Həftəsi” bir daha sübut edir ki, düzgün enerji siyasəti dövlətin iqtisadi inkişafını sürətləndirir, beynəlxalq mövqeyini möhkəmləndirir və qlobal enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycanın qazandığı uğurlar təbii sərvətlərdən səmərəli istifadənin və milli maraqlara əsaslanan siyasətin uğurlu nəticəsidir”.

 

Chosen
39
azertag.az

1Sources