EN

SOCAR quruda və Xəzərdə yeni layihələri tərəfdaşlara təklif edir

SOCAR quruda, Orta və Cənubi Xəzərdə yeni neft-qaz ehtiyatlarının kəşfiyyatı üzrə işləri aktivləşdirir və potensial tərəfdaşlara bir sıra layihələri birgə işləmək üçün təklif edir. Bunu SOCAR-ın vitse-prezidenti Ayazə Cavadova bildirib.

Onun sözlərinə görə, şirkətin əsas vəzifəsi artan enerji tələbatını qarşılamaq üçün geoloji-kəşfiyyat işlərini sürətləndirməkdir.

Cavadova qeyd edib ki, ötən il keçirilən data otaqlarından sonra beynəlxalq şirkətlərin Azərbaycandakı kəşfiyyat layihələrinə marağı artıb, bəzi sazişlər artıq imzalanıb, bir sıra layihələr isə danışıqlar mərhələsindədir.

O, quruda prioritet istiqamətlər kimi Luba-Xızrıani, Şamaxı-Qobustan, Ləkicakiçi və Aşağı Kür regionlarını qeyd edib.

Cavadovanın sözlərinə görə, bu ərazilər potensial tərəfdaşlara birgə işləmək üçün təklif ediləcək səviyyəyə çatdırılıb.

Orta Xəzərdə SOCAR təkcə ənənəvi məhsuldar horizontlara deyil, həm də daha dərin alt laylara və əvvəllər kifayət qədər öyrənilməmiş dayaz horizontlara diqqət yetirir.

Cavadova bildirib ki, Qoşadaş strukturu qazmaya hazır mərhələdədir, BP ilə birgə həyata keçirilən Gündüz layihəsi də növbəti mərhələyə yaxındır.

Cənubi Xəzərdə əsas diqqət Xabib, Naxçıvan, Qafurlu, Məşəl, Şahdəniz, Maral və Surxanı kimi qaz və qaz-kondensat strukturlarına yönəlib.

Cavadova əlavə edib ki, SOCAR qeyri-ənənəvi resursları və stratiqrafik tələləri də fəal şəkildə öyrənir, Orta Xəzəri kəşfiyyat üçün əsas istiqamətlərdən biri hesab edir.

N.Təbrizli

Chosen
12
anews.az

1Sources