Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qırğızıstanda vəhşi təbiətin qorunması, nadir heyvan növlərinin bərpası və elmi araşdırmaların inkişafı məqsədilə müasir elmi-tədqiqat və reabilitasiya mərkəzinin tikintisi davam edir.
XQ xəbər verir ki, Qırğızıstanın Kabar informasiya agentliyinin yaydığı məlumata əsasən, ölkənin Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi layihənin region üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, yeni mərkəz Mərkəzi Asiyada vəhşi heyvanların müalicəsi, reabilitasiyası, elmi monitorinqi və nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin mühafizəsi istiqamətində fəaliyyət göstərəcək ilk ixtisaslaşmış kompleks olacaq.
İssık-Kul Dövlət Təbiət Qoruğunun ərazisində inşa edilən “Ak İlbirs” mərkəzində tikinti-quraşdırma işləri sürətlə aparılır. Layihə çərçivəsində müasir baytarlıq xidmətləri, elmi tədqiqat laboratoriyaları və heyvanların reabilitasiyası üçün xüsusi bölmələrin yaradılması nəzərdə tutulur.
Məlumata görə, mərkəzin 2026-cı ilin avqust ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır. Burada biomüxtəlifliyin qorunmasına yönəlmiş araşdırmalar aparılacaq, ekoloji monitorinq gücləndiriləcək və regionun nadir fauna növlərinin bərpasına dəstək göstəriləcək. Layihənin həm elmi potensialın artırılmasına, həm də təbiətin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcəyi gözlənilir.