Azərbaycanın enerji böhranı dövründə oynadığı rol Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Qaz bazarları: İnfrastruktur, Strategiya və Geosiyasət” adlı sessiyasında Almaniyanın VNG AG şirkətinin Müşahidə Şurasının sədri Ulf Haytmüller deyib.
Onun sözlərinə görə, hazırkı geosiyasi şəraitdə etibarlı enerji tərəfdaşlarının əhəmiyyəti daha da artıb və Azərbaycan bu baxımdan mühüm rol oynayır.
“Azərbaycanın bu dövrdə oynadığı rola görə minnətdarıq. Bu, mövcud enerji böhranı şəraitində təchizat təhlükəsizliyinə mühüm töhfədir. Açığını desəm, etibarlı tərəfdaşlar indiki şəraitdə nadir hala çevrilib”, – deyə o bildirib.
Ulf Haytmüller qeyd edib ki, enerji bazarlarındakı dəyişkənlik uzunmüddətli investisiyaları çətinləşdirsə də, Azərbaycan və SOCAR-la əməkdaşlıq strateji baxımdan vacibdir.
Onun sözlərinə görə, Almaniya bazarında təbii qaza tələbat qarşıdakı onilliklərdə də qalacaq və bu baxımdan həm təchizat mənbələrinin, həm də satış bazarlarının şaxələndirilməsi mühüm əhəmiyyət daşıyır.
“Şaxələndirmə strateji tərəfdaşlıqlara zidd deyil. Əksinə, dəyişkən və qeyri-müəyyən şəraitdə uzunmüddətli əməkdaşlığı daha da vacib edir”, – deyə VNG AG rəsmisi vurğulayıb.
Ulf Haytmüller əlavə edib ki, enerji bazarının dayanıqlığının artırılması üçün istehsalçılar və istehlakçılar arasında uzunmüddətli və etibarlı tərəfdaşlıqların qurulması vacibdir.