ABŞ-də 2028-ci il prezident seçkiləri ilə bağlı ilk siyasi ssenarilər formalaşmağa başlayarkən “Politico”da dərc olunan maraqlı təhlil vitse-prezident Cey Di Vensin gələcək siyasi taleyi ilə bağlı qeyri-adi ehtimala diqqət çəkib.
Musavat.com xəbər verir ki, Aleksandr Börnsin məqaləsində Donald Trampın mümkün siyasi varisi sayılan Cey Di Vens üçün əsas təhlükənin nə Marko Rubio, nə də Respublikaçılar Partiyasının klassik ağır çəkililəri olduğu qeyd olunub.
Məqalədə bildirilir ki, Vensin namizədliyinə real maneə yarada biləcək üç ssenari mövcuddur.
Birinci ehtimal Trampın qəfil şəkildə onu dəstəkləməkdən imtina etməsi və alternativ namizədə, məsələn, dövlət katibi Marko Rubiaya üstünlük verməsidir. İkinci variant isə Vensi ciddi reputasiya böhranına sürükləyə biləcək böyük qalmaqal ola bilər. Müəllifin fikrincə, hazırda buna dair əlamət görünmür.
![]()
Lakin “Politico” üçün ən maraqlı ssenari tamam başqa istiqamətdədir: sistemdən kənar, populist və qeyri-ənənəvi bir namizədin qəfil yüksəlişi. Müəllif bunu Los-Anceles meri yarışında gözlənilmədən ön plana çıxan televiziya ulduzu Spenser Pratt nümunəsi ilə izah edir.
Nəşrin yazdığına görə, realiti-şou siması kimi tanınan Pratt şəhərdə evsizlik, cinayətkarlıq və idarəetmə problemləri fonunda narazılığı öz siyasi kapitalına çevirməyə nail olub. Sosial şəbəkələr, süni intellektlə hazırlanmış kampaniya videoları və şou effekti onun tanınmasına ciddi təkan verib – baxmayaraq ki, liberal Los-Ancelesdə Respublikaçı namizədin qalib gəlməsi çətin hesab olunur, Prattın sürətli yüksəlişi Vaşinqton üçün xəbərdarlıq kimi təqdim edilir.
Müəllifə görə, məsələ konkret Spenser Prattda deyil, onun simvolizə etdiyi yeni siyasi modeldədir: qəzəb, populizm, sosial media və siyasi sistemdən narazılıq üzərində yüksələn “anti-siyasətçi” fiqur. Politico vurğulayır ki, Tramp dövründə Respublikaçılar Partiyası məhz bu tip namizədlər üçün münbit zəminə çevrilib.
Təhlildə bildirilir ki, ABŞ-də yaşayış xərclərinin artması, iqtisadi narazılıq və hakimiyyətə inamsızlıq davam edərsə, 2028-ci ildə Respublikaçıların daxilindən gözlənilməz, emosional və populist fiqurun yüksəlişi Vens üçün ciddi problem yarada bilər. Müəllif hesab edir ki, seçicilər gələcəkdə Vensin siyasi bioqrafiyasından çox, “The Hills” tipli şou-populist siyasətə meylli namizədlərə üstünlük verə bilər.
Musavat.com