EN

"Azərbaycan qətiyyən icazə verməyəcək" - Saakaşvili Rusiyanın planlarından danışdı

“Zaxarovanın “Gürcü Arzusu”nu tərifləməsinə baxmayaraq, Putinin Ermənistana yönəlmiş təhdidi Gürcüstan üçün çox təhlükəlidir. Məsələ ondadır ki, Rusiya bundan əvvəl Qazaxıstan neftinin Rusiya ərazisindən keçən neft kəməri ilə Avropaya nəqlini məhdudlaşdırıb. Ruslar Novorossiysk limanındakı Qazaxıstan terminalını da bağlamağa hazır ola bilərlər. Belə olan halda, əgər İranda mövcud rejim qalarsa, daşınma üçün yeganə marşrut Gürcüstan olacaq”.

Ölkə.az AzPolitika-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında bölgədəki son hərbi-siyasi gərginliklə bağlı paylaşımında yazıb.

Eks-prezident qeyd edib ki, indi isə Rusiya Ermənistana qoşun yeritməklə hədələyir. Bu isə yalnız Gürcüstan ərazisindən keçməklə mümkündür: "Əgər Rusiya belə bir əməliyyat keçirmək qərarına gəlsə, Gürcüstanın da işğalına əl atacağı qaçılmaz olacaq".

Saakaşvili oliqarx Bidzina İvanişvilinin hakimiyyətini Gürcüstanı Rusiyanın qarşısında tam müdafiəsiz qoymaqda ittiham edib: "İvanişvili bunun üçün hər şeyi edib: ordunu son həddə qədər zəiflədib, döyüş ruhunu təkcə hərbçilər arasında deyil, əhalinin böyük hissəsində də məhv edib. Rusiyaya qarşı müqavimət üçün hazırlanmış gizli sığınacaqların yerini açıqlayıb və onları guya “Milli Hərəkat”ın kompromat və silah saxladığı yerlər kimi təqdim edib. Həm Mtsxeta istiqamətindən, həm də Ermənistan tərəfdən Tbilisinin müdafiə xəttini ləğv edib. Bu böyük geosiyasi oyunda Moskva İvanişvilinin ona nə qədər xidmət etdiyini ümumiyyətlə xatırlamayacaq".

Sabiq dövlət başçısı Kremlin Ermənistandakı seçkilərdən sonra işə salacağı iddia edilən "B planı"nın hərbi xəritəsini də cızıb: "Əgər Paşinyan seçkilərdə qalib gəlsə (mən bunu çox istəyirəm), Rusiya dərhal “B planı”na keçəcək. Eynilə 2007-ci ildə Gürcüstanda etdiyi kimi — mən onların planlarını pozub prezident seçkilərini təyin etdikdən və qalib gəldikdən sonra.

Mənim fikrimcə, bundan sonrakı ssenari belə ola bilər: bu il ərzində Ermənistanda iğtişaşlar baş verəcək. Azərbaycan Rusiya qoşunlarının keçidinə icazə verməyəcək. Rusiya isə İvanişvilidən öz qoşunlarını Gürcüstan ərazisindən keçirməyə razılıq istəyəcək və o da, əlbəttə ki, buna razı olacaq. Xalqa isə deyiləcək ki, bu hadisələrin Gürcüstana aidiyyəti yoxdur.

Lakin Ermənistanın işğalından sonra Rusiya bütün Gürcüstanı da nəzarət altına alacaq. Müvəqqəti olaraq İvanişvilini lider kimi saxlasalar da, ölkənin həyatının bütün sahələrini tam nəzarətə götürəcək, işğal olunmuş ərazilərin tanınmasına nail olmağa çalışacaq və Rusiyanın istəmədiyi qüvvələri kütləvi şəkildə sıradan çıxaracaq".

Saakaşvili bu qanlı ssenarinin qarşısını ala biləcək yeganə qüvvənin Ukrayna Silahlı Qüvvələri olduğunu vurğulayıb: "Buna görə də hamımız Ukraynanın güclənməsinə dəstək verməliyik. Mən bunu həm Gürcüstanın, həm də Ermənistanın xilas yolu hesab edirəm.

Bu proqnozumun gerçəkləşməsini istəmirəm. Məncə, bunun qarşısını ala biləcək yeganə amil Ukraynanın fəal hərbi əməliyyatları və Rusiya hərbi maşınının qəti şəkildə zəiflədilməsidir. Ümid edirəm ki, məhz belə olacaq.”.

Chosen
13
2
olke.az

3Sources