EN

İmtahan stresi sandılar, xərçəng çıxdı — 18 yaşlı qız öldü

Şotlandiyada imtahan stressi keçirdiyi zənn edilən 18 yaşlı gənc qız aqressiv beyin şişindən vəfat edib.

Demokrat.az xəbər verir ki, Eqlishem qəsəbəsində yaşayan Kara Hudun baş ağrıları 2024-cü ilin yazında başlayıb. Valideynləri əvvəlcə bunun yaxınlaşan imtahanlarla bağlı gərginlikdən qaynaqlandığını düşünüblər. Lakin imtahanlar bitsə də, ağrılar yay boyunca davam edib. Qısa müddət sonra qızın səbəbsiz yerə qusmağa başlaması ailənin narahatlığını daha da artırıb.

Valideynləri Lindsay və Qrem qızlarını dəfələrlə həkim müayinəsinə aparıblar. Analizlər götürülsə də, ilkin mərhələdə beyin şişindən şübhələnməyiblər. Avqust ayında həkimlər gənc qıza miqren diaqnozu qoysalar da, ehtimalları tamamilə istisna etmək üçün elə həmin gün Qlazqodakı təcili yardım mərkəzində kompyuter tomoqrafiyası (KT) müayinəsi məsləhət görülüb.

Müayinə zamanı qızın beynində qusma refleksini idarə edən nahiyədə kütlə aşkarlanıb. Növbəti gün icra olunan əməliyyatla həmin kütlə götürülüb. Ailə şişin xoşxassəli olduğunu və Karanın bir neçə aya dərslərinə qayıdacağını düşünərək ümidlənib. Lakin ətraflı analizlər acı reallığı üzə çıxarıb. Gənc qıza sürətlə böyüyən və onurğa beyninə yayıla bilən aqressiv xərçəng növü – medulloblastoma diaqnozu qoyulub.

Bu xəstəlik daha çox uşaqlarda qeydə alınır və Karanın yaşında olduqca nadir görünür. Diaqnozdan sonra gənc qız Mançesterdə altı həftəlik şüa terapiyası alıb, 2025-ci ilin əvvəlində isə kimyaterapiya kurslarına başlayıb.

Müalicə zamanı qusma halları yenidən başlayanda ailə bunun dərmanların əks-təsiri olduğunu zənn edib. Lakin növbəti MRT müayinəsi xərçəngin yenidən beyin və onurğa nahiyəsinə qayıtdığını göstərib. Ağır xəstəlik səbəbindən şüuru dumanlanan və anlama qabiliyyətini itirən Kara xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, o, 2025-ci il noyabrın 8-də vəfat edib.

Ailəsi indi digər valideynləri diqqətli olmağa çağırır. Bildirilib ki, hər baş ağrısı beyin şişi demək deyil. Lakin keçib getməyən, getdikcə güclənən, xüsusilə səhərlər artan, qusma, görmə və müvazinət pozuntusu ilə müşayiət olunan ağrılar zamanı mütləq həkimə müraciət edilməlidir.

İsmayıl
Demokrat.az
Chosen
36
1
demokrat.az

2Sources