EN

Altsheymer xəstəliyi zamanı beynin müdafiə mexanizmini bərpa etməyin yolu tapılıb

Bakı, 3 iyun, AZƏRTAC

Beynəlxalq alimlər qrupu Altsheymer xəstəliyi zamanı beynin immun hüceyrələrinin müdafiə funksiyalarını bərpa edə bilən eksperimental OLE molekulunu hazırlayıb. Tədqiqatın nəticələri “Cell Death and Disease” jurnalında dərc olunub.

Altsheymer xəstəliyi beyində sinir hüceyrələrini zədələyən toksik zülal yığıntıları – beta-amiloid lövhəciklərinin toplanması ilə müşayiət olunur. Normal şəraitdə bu yığıntıların aradan qaldırılması ilə beynin immun hüceyrələri olan mikroqliya məşğul olur. Lakin xəstəlik irəlilədikcə mikroqliya belə yığıntılarla effektiv mübarizə aparmaq qabiliyyətini itirir.

Tədqiqatçılar müəyyən ediblər ki, OLE molekulu mikroqliyanı yenidən proqramlaşdırmağa və ona müdafiə xüsusiyyətlərini qaytarmağa kömək edir. Birləşmənin təsirindən sonra immun hüceyrələri beta-amiloid lövhəciklərinə doğru daha fəal hərəkət etməyə və onları əhatə etməyə başlayıb. Bunun nəticəsində toksik yığıntıların neyronlarla təmasını məhdudlaşdıran və onların zərərli təsirini azaldan bir növ maneə formalaşıb.

Molekulun effektivliyi əvvəlcə beta-amiloid istehsal edən genetik modifikasiya olunmuş yumru qurdlar üzərində yoxlanılıb. Müalicə toksik zülalların toplanmasını azaldıb və heyvanların hərəkət qabiliyyətini yaxşılaşdırıb. Daha sonra alimlər üç ay ərzində Altsheymer xəstəliyinin modeli yaradılmış siçanlara OLE yeridiblər. Nəticədə heyvanlarda amiloid lövhəciklərinin sayı azalıb, yaddaş və öyrənmə göstəriciləri yaxşılaşıb.

Ayrı-ayrı hüceyrələrin fəaliyyətinin əlavə təhlili göstərib ki, terapiyaya ən fəal reaksiya verən məhz mikroqliya olub. OLE-nin təsiri altında hüceyrələr beta-amiloidin aradan qaldırılması mexanizmlərini işə salıb və zədələnmə ocaqlarına doğru hərəkət etmək qabiliyyətini bərpa edib.

Hüceyrə kulturları üzərində aparılan təcrübələr də bu nəticələri təsdiqləyib. OLE ilə işlənmiş mikroqliya toksik zülal yığıntılarını daha effektiv şəkildə aradan qaldırıb, neyronlar isə Altsheymer xəstəliyini təqlid edən şəraitdə daha yaxşı yaşama qabiliyyəti nümayiş etdiriblər.

Tədqiqatın müəlliflərinin sözlərinə görə, bu nəticələr müalicənin amiloid lövhəciklərinin özünə deyil, beynin təbii müdafiə sisteminin bərpasına yönələn yeni üsullarının hazırlanması imkanını göstərir. Nəticələr hələlik yalnız heyvan modelləri və hüceyrə kulturları üzərində əldə olunsa da, Altsheymer xəstəliyinin öyrənilməsi istiqamətində perspektivli yeni bir istiqamət açır.

Chosen
15
2
azertag.az

3Sources