EN

Araşdırma: Alkoqolun hətta az miqdarda qəbulu da xərçəng riskini artırır

Bakı, 3 iyun, AZƏRTAC

Gündə cəmi bir porsiya alkoqolun (14 qram etanol) qəbulu belə onkoloji xəstəliklərin inkişaf riskini artıra bilər. Sağlamlıq Göstəriciləri və Qiymətləndirməsi İnstitutunun (IHME) alimləri 843 elmi tədqiqatın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

AZƏRTAC xəbər verir ki, araşdırmanın nəticələri “Nature Health” jurnalında dərc olunub.

Tədqiqatçılar spirtli içki qəbulunun müxtəlif xəstəliklərlə əlaqəsini qiymətləndiriblər. Təhlil göstərib ki, alkoqol süd vəzi, qida borusu, qaraciyər, mədəaltı vəzi, yoğun bağırsaq və prostat xərçəngi də daxil olmaqla araşdırılan bütün on xərçəng növü üzrə riskin artmasına səbəb olur.

Alimlərin xüsusi diqqət yetirdiyi məqamlardan biri gündə bir standart porsiyadan da az alkoqol qəbul edənlərdə də risk artımının müşahidə olunmasıdır. Söhbət 148 millilitrdən az şərab ekvivalentindən gedir. Müəlliflərin fikrincə, bu nəticələr onkoloji xəstəliklərin profilaktikası baxımından alkoqolun “təhlükəsiz dozası”nın mövcudluğu barədə geniş yayılmış təsəvvürləri şübhə altına alır.

Araşdırma alkoqol qəbulunun təkcə xərçənglə deyil, həm də qaraciyər sirrozu, qaraciyərin digər xroniki xəstəlikləri və pankreatit riskinin yüksəlməsi ilə əlaqəli olduğunu göstərib. Bunun bioloji izahı etanolun parçalanması zamanı asetaldehid adlı zəhərli birləşmənin əmələ gəlməsidir. Bu maddə hüceyrələrin DNT-sini zədələyə və bədxassəli şişlərin yaranmasına səbəb ola bilər. Bundan əlavə, alkoqol oksidləşdirici stresi və xroniki iltihabı gücləndirir ki, bunlar da kanserogenezin mühüm amilləri hesab olunur.

Bəzi digər xəstəliklərlə bağlı nəticələr isə birmənalı olmayıb. Bir sıra tədqiqatlar alkoqolun kiçik dozalarının ikinci tip diabet və demensiya riskini cüzi azaltdığını göstərib. Lakin qəbul edilən alkoqolun miqdarı artdıqca bu mümkün təsir aradan qalxıb və müxtəlif xəstəliklərin inkişaf riski yenidən yüksəlib.

Chosen
28
2
azertag.az

3Sources