EN

Kuba səfiri Raul Kastroya qarşı ittihamları ABŞ-ın psixoloji müharibəsi adlandırıb

BAKI, 3 iyun. TELEQRAF

Kubanın Böyük Britaniyadakı səfiri İsmara Varqas Uolter ABŞ hakimiyyətinin Kuba inqilabının liderlərindən biri Raul Kastroya qarşı irəli sürdüyü ittihamların Vaşinqtonun apardığı psixoloji müharibənin tərkib hissəsi olduğunu bildirib.

Teleqraf xəbər verir ki, diplomat bu barədə TASS-a müsahibəsində danışıb.

Səfirin sözlərinə görə, ABŞ-nin bu addımı bir neçə məqsəd daşıyır və onların heç biri ədalət mühakiməsi ilə bağlı deyil.

"Birincisi, bu, psixoloji müharibə əməliyyatıdır. Məqsəd inqilab üçün böyük simvolik əhəmiyyətə və mənəvi nüfuza malik canlı şəxsiyyətə hücum etməklə ölkə rəhbərliyini qorxutmaq və Kuba xalqını ruhdan salmaqdır", - deyə İsmara Varqas Uolter bildirib.

Diplomat qeyd edib ki, ikinci məqsəd məhkəmə sistemindən geosiyasi alət kimi istifadə etməkdir. Onun fikrincə, ABŞ administrasiyası daha əvvəl də suveren dövlətlərin liderlərinə qarşı güc tətbiqindən öncə oxşar üsullardan istifadə edib.

Səfir əlavə edib ki, üçüncü məqsəd isə beynəlxalq ictimaiyyətin, xüsusilə ABŞ ictimai rəyinin gözündə gələcək eskalasiya və mümkün hərbi müdaxilə üçün hüquqi əsas görüntüsü yaratmaqdır.

İsmara Varqas Uolter vurğulayıb ki, Vaşinqton gözlədiyinin əksinə nəticə əldə edib. Onun sözlərinə görə, altı milyondan çox kubalı Raul Kastroya qarşı irəli sürülən ittihamlara etiraz edən bəyanatı imzalayıb.

Diplomat bildirib ki, Raul Kastronun tarixi irsi, mənəvi nüfuzu və bəşəriyyətə töhfələri şübhə doğurmur, ona qarşı yönələn hücumlar isə onun nüfuzunu daha da artırır.

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi mayın 20-də Raul Kastroya qarşı ittiham irəli sürüb. O, dörd nəfərin qətlində, iki təyyarənin məhv edilməsində və ABŞ vətəndaşlarının öldürülməsi məqsədilə cinayət sövdələşməsində ittiham olunur. İttihamlar 1996-cı ildə Kubanın Hərbi Hava Qüvvələrinin Mayamidə yerləşən "Qardaşlar Köməyə Gəlir" mühacir təşkilatına məxsus iki təyyarəni vurması ilə bağlı hadisəyə əsaslanır.

Chosen
62
teleqraf.com

1Sources