EN

Kart ödənişləri ilə bağlı mühüm dəyişiklik – Detallar açıqlandı

Xəbər verdiyimiz kimi, Azərbaycanda ödəniş kartları ilə aparılan nağdsız əməliyyatlarda tətbiq olunan interçeync tariflərinin (xidmət haqqı) yuxarı həddi müəyyənləşdirilib. Qərara əsasən, bəzi kateqoriyalar üzrə interçeync tarifləri məhdudlaşdırılsa da, digər fəaliyyət sahələri üçün yuxarı hədd tətbiq edilməyəcək.

Yeni qərarın məğzi nədir?

Globalinfo.az-a danışan hüquq elmləri doktoru, iqtisadçı Vüsalə Əhmədova deyib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) bu addımını müsbət dəyərləndirmək olar:

"Qərarın məntiqi böyük ehtimalla nağdsız ödənişləri təşviq etməkdir. Əvvəlcə, interçeyncin nə olduğuna aydınlıq gətirmək lazımdır. Kartla ödəniş edildiyi zaman satıcı müəyyən komissiya ödəyir. Həmin komissiyanın bir hissəsi də emitent banka gedir. Buna interçeync deyilir. Məsələn, bir nəfər marketdən 100 manatlıq məhsul alıb, həmin alış-verişin qarşılığında satıcıdan tutaq ki, ümumi olaraq 1%-lik komissiya tutulub. Bu komissiyanın müəyyən faizi isə alıcının bankına ödənir. Yəni interçeync kartla edilən hər bir ödəniş zamanı satıcının bankından kart sahibinin bankına ödənilən komissiyadır. Banklar interçeync olaraq istədikləri qədər yüksək komissiya tətbiq etməsinlər deyə, AMB limitlər müəyyən edir. Buradakı limit o deməkdir ki, banklararası interçeync komissiyası müəyyən faizdən yuxarı ola bilməz. İnterçeync çox yüksək olarsa, təbii ki, biznes obyektləri bundan narazı qalacaqlar. Görünən odur ki, yeni qərara əsasən, interçeync tariflərinin yuxarı həddi təxminən 0.25 faiz bəndi aşağı salınıb. Məsələn, aptek və supermarketlərdə maksimum 1.25%, yanacaqdoldurma məntəqələrində 0.75%, ümumi kateqoriyada 1.5% müəyyən edilib. Hansı ki, əvvəllər bu hədd aptek və supermarketlərdə təxminən 1.50%, yanacaqdoldurma məntəqələrində 1.00%, ümumi kateqoriya üzrə isə 1.75% idi. Beləcə, satıcıların xərcləri azalacaq və nağdsız ödənişlərin miqdarı artmış olacaq".

İqtisadçı bildirib ki, burada vacib məqam biznesin fəaliyyət növünü göstərən "Merchant Category Code" (MCC) adlanan koddur:

"Limit birbaşa biznes növünə görə tətbiq olunur. Məsələn, yanacaqdoldurma məntəqələrində əməliyyat həcmi çox böyük olur və gün ərzində minlərlə əməliyyat həyata keçirilir, marja isə nisbətən aşağı olur. Əgər interçeync yüksək olarsa, məntəqələrin xərci ciddi arta bilər. Ona görə bu sektorda limit 0.75% qoyulub. Vacib bir məqamı da qeyd edim ki, yalnız müəyyən MCC kateqoriyaları üzrə yuxarı hədd müəyyən edilməsi nəzərdə tutulur. Digər MCC kodları üçün hazırda belə limit tətbiq ediləcəyi ilə bağlı məlumat yoxdur. Yəni bəzi sahələrdə tariflər yenə bazar iştirakçılarının razılaşması ilə formalaşa bilər".

Qeyd edək ki, iyunun 1-dən qüvvəyə minən qərar müxtəlif fəaliyyət sahələri üzrə komissiya haqlarının tənzimlənməsini nəzərdə tutur. Məqsəd ödəniş sistemlərində vahid yanaşmanın formalaşdırılması, nağdsız ödənişlərin təşviqi və maliyyə xidmətlərinin daha səmərəli təşkilinə şərait yaratmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
71
1
olaylar.az

2Sources