EN

Gənc qadın kanalizasiya quyusuna DÜŞDÜ - ANBAAN VİDEO

Braziliyada işə gedən 31 yaşlı qadının kanalizasiya quyusuna yıxılma anı ətrafdakı təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Musavat.com xəbər verir ki, tükürpədici hadisə iki nəfərin quyunun ağır metal qapağını oğurlamağa cəhd etməsindən cəmi bir neçə saat sonra baş verib.

Kadrda motosikletdən düşən gənc qadının əlindəki telefona baxaraq səki ilə irəlilədiyi görünür. Qapağın yerindən oynadığından tamamilə xəbərsiz olan qadın onun üzərinə addım atan kimi qəfildən yerin altına gömülür. Onu gətirən motosiklet sürücüsü dərhal köməyə qaçıb.

Yerli mətbuatın yaydığı məlumata görə, Rio-de-Janeyronun Marakana bölgəsindəki Andarai Federal Xəstəxanasına çatdırılan qadın orta dərəcəli xəsarətlər alıb.


Hadisədən bir neçə saat əvvəl eyni təhlükəsizlik kamerası iki nəfərin həmin qapağı yerindən tərpətməyə çalışdığını qeydə alıb. Yerli rəsmilər bu şəxslərin ağır metal parçasını oğurlamaq istədiklərini bildiriblər. "Rua Oto de Alencar" küçəsindəki məktəbin qarşısında qapağı açan şübhəlilər, naməlum səbəbdən onu aparmayıblar. Şübhəlilərdən birinin quyunu yenidən bağlamağa çalışdığı, lakin qapağı yerinə düzgün oturtmadığı məlum olub.

Həmçinin bildirilir ki, həmin gün yaxınlıqdakı qəzet köşkündə də soyğunçuluq baş verib və siqaretlər oğurlanıb. Lakin hər iki hadisəni eyni şəxslərin törədib-törətmədiyi hələlik dəqiqləşdirilməyib.

Tijuka şəhər icra nümayəndəliyindən verilən açıqlamada deyilir:

"Oğurluq cəhdi səbəbindən yerindən tərpədilmiş iki kanalizasiya qapağı aşkar edildikdən sonra əraziyə dərhal işçi qrupu cəlb olunub. Avadanlıqlar yenisi ilə əvəzlənib və küçənin təhlükəsizliyini təmin etmək üçün qapaqlar bərkidilib".

Musavat.com

Chosen
35
musavat.com

1Sources