EN

Azərbaycana “hədəfdəsiniz” xəbərdarlığı

Bakını “Rusiya ilə sərhəd boyunca ”əjdaha dişləri", Xəzər sahili boyunca isə artilleriya mövqeləri qurmağa" səsləyən NATO ölkəsinin ekspertinin narahatlığına əsas varmı, yoxsa...

Avropanın yüksək vəzifəli rəsmiləri “The Wall Street Journal” nəşrinə bildiriblər ki, Rusiya yaxın 12 ay ərzində NATO-ya hücum edə bilər. Bu fonda Alyans Baltik ölkələrinin müdafiəsi üçün qoşunların sürətlə yerləşdirilməsinə dair plan hazırlamağa başlayıb. Bu barədə “Reuters” agentliyinin mənbələri məlumat veriblər.

Həqiqətən də, son vaxtlar bir çox şərhçilər Rusiyanın NATO-nun şərq cinahındakı ölkələrə qarşı, birbaşa müharibə olmasa da, ən azı genişmiqyaslı təxribat xarakterli addımlara hazırlaşdığına dair əlamətlərdən danışırlar.

Latviyalı siyasi analitik, filologiya elmləri doktoru, vaxtilə ABŞ-ın Milli Demokratiya İnstitutunun (NDI) əməkdaşı olmuş Aleks Qriqoryevs pressklub.az-ın bu istiqamətdə suallarına ilginc cavab verib. O, ilk növbədə qeyd edib ki, bu gün bir çoxları Rusiyanın Baltik ölkələrinə hücum edib-etməyəcəyini soruşur. Halbuki müasir geosiyasi reallıqlar kontekstində məsələ daha geniş qoyulmalıdır. Ukraynada itirilən nüfuzu bərpa etmək üçün Rusiyaya tarixində dəfələrlə rast gəlinən “kiçik qalibiyyətli müharibə” lazımdır: “Mən Rusiyanın mümkün hücum hədəflərini iki qrupa bölərdim: NATO ölkələri və digər qonşu dövlətlər. Putin Astanada çıxışı zamanı bəyan etdi ki, Qazaxıstan vaxtilə Rusiya dövlətinin tərkib hissəsi olub. Bu, ərazi iddiası və siyasi mesajdır. Bunu "Rusiyanın Qazaxıstan ərazisinə hüququ var" kimi başa düşmək lazımdır. Əgər nə vaxtsa belə bir hücum baş versə, Çin Qazaxıstanı hərbi yolla müdafiə edəcək, yoxsa diplomatik qınaqla kifayətlənəcək? Bu, maraqlı sualdır və cavabı hələ məlum deyil", - ekspert qeyd edir.

Onun sözlərinə görə, Gürcüstan faktiki olaraq artıq Rusiyanın nəzarəti altına düşüb.

“Gürcüstan ərazisinin 20 faizi açıq və birbaşa şəkildə işğal olunub, qalan hissə isə dolayı yolla idarə olunur. Ermənistan iqtisadi təzyiqlərə məruz qalır, hətta ona qarşı birbaşa hərbi təhdidlər də səsləndirilir. Onu kim qoruyacaq? Çətin ki, Putinin müttəfiqi olan İran onu qorusun. Mən Azərbaycanın yerində olsaydım, çoxdan Rusiya ilə sərhəd boyunca "əjdaha dişləri" yerləşdirər, Xəzər sahili boyunca isə artilleriya mövqeləri qurardım. Rusiya Azərbaycana hücum edərsə - bunu mümkün, hətta ehtimal olunan variant hesab edirəm - Türkiyə onunla açıq hərbi qarşıdurmaya gedəcəkmi? Bu da ciddi sualdır", - deyə ekspert bildirib.

İki

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, əslində əvvəllər Rusiyanın ərazisi olan torpaqları özünə birləşdirmək istəyini prezident Vladimir Putin 2022-ci ilin iyununda gənc sahibkarlarla görüşdə açıq şəkildə bəyan edib: “Putin demişdi ki, keçmiş Rusiya torpaqlarını toparlamaq missiyası indi bizim üzərimizə düşüb. Hətta onu da demişdi ki, bir vaxtlar Pyotrın başlatdığı həmin missiyanı davam etdirmək bizim üzərimizə düşür. Ancaq Putin bunu deyəndə Ukrayna müharibəsi yenicə başlamışdı. Rusiya təbiidir ki, indiki qədər yaralar almamışdı. Artıq 2026-cı ildir, Rusiyanın Ukrayna cəbhəsində həm böyük yaraları, həm də uğurları var. Uğurlardan danışsaq, təxminən 122-123 min kvadrat kilometr torpaq işğal edib və ərazidə Ukraynanın təbii sərvətlərinin təqribən yarısı yerləşir. Yəni 13 trilyon dollarlıq sərvət də Rusiyanın əlinə keçib. Bu gün Rusiyanın əsas hədəfi həmin o 122-123 min kvadrat kilometr ərazini müəyyən dəyişikliklərlə öz əlində saxlamaqdır. Yəni Donbasdan 15-17 faiz ərazini özünə birləşdirib digər tutduğu ərazilərdən imtina eləmək istəyir. Bu, əslinə qalsa, Rusiya üçün indiki şəraitdə uğur sayıla bilər. Ancaq bundan sonra Rusiya irimiqyaslı müharibələrə cəsarət eləyə bilərmi? Ən azından yəqin ki, bir müddət yox. Rusiyanın yaralarını sağaltmaq üçün vaxt lazımdır. Rusiya iqtisadiyyatı həddən artıq ağır vəziyyətdədir və növbəti müharibəyə dayanması qeyri-mümkündür. Putinin bu gün sülhpərvər olmasının səbəblərindən biri də odur ki, Rusiya iqtisadiyyatı ilin sonuna qədər birtəhər bəlkə dayandı. Ondan sonra müharibə aparmağa Rusiyanın gücü qalmayacaq”.

Ekspert qeyd etdi ki, Rusiyanın ciddi şəkildə narazı olduğu keçmiş ittifaq respublikaları var və bunun başında da Moldova və Ermənistan gəlir: “Rusiyanın birinci hədəfi Moldovadır. Onun Rumıniyaya birləşmək istəməsi Rusiyanı aktiv addımlara məcbur edir. Çox güman ki, Dnestryanı bölgəni Rusiyaya birləşdirmək üçün yaxın zamanlarda müəyyən addımlar atılacaq. Putinin Dnestryanı əhalisinin Rusiya vətəndaşı olmasını asanlaşdırmaq barədə fərmanı da bu prosesin başlanğıcı kimi sayıla bilər. Bu gün ən böyük təhlükə altında olan dövlət Moldovadır. Rusiya Azərbaycandan da narazıdır. Ən böyük qorxusu da Cənubi Qafqazı tamamilə itirməkdir. Lakin bunun üçün Rusiyanın müharibə edəcəyini düşünmək mümkün deyil. Bütün gücünü Rusiya bu gün sərf edir ki, Ermənistanda keçirilən seçkilərdə rusiyayönümlü qüvvələr qalib gəlsinlər. Hərçənd ki rəy sorğularına görə, Rusiyanın bu istəyi reallaşmayacaq. Azərbaycana qarşı müharibə etmək istiqamətində isə Rusiyada müəyyən dairələr düşünə bilərlər. Ancaq ən azı yaxın illərdə Rusiyanın buna cəsarət edəcəyini düşünmürəm. Çünki Şuşa Bəyannaməsi var və Azərbaycanın Türkiyə kimi müttəfiqi mövcuddur. Eyni zamanda ABŞ ilə də kifayət qədər yaxın münasibətlərimiz var. Çin də Azərbaycana qarşı hərbi addımı çox ciddi narazılıqla qarşılaya bilər. Çini qarşısına almaq Rusiyanı həddən artıq ağır duruma sala bilər. Bütün bunları nəzərə alsaq, Ukrayna müharibəsinin başa çatmasından sonrakı beş-altı ildə Rusiyanın növbəti böyük müharibəyə başlaya  biləcəyini düşünmürəm. Lakin Rusiya təhlükəsi həmişə var və biz bu təhlükənin qarşısını almaq üçün daim düşünməliyik, zəruri addımları atmalıyıq”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Chosen
19
musavat.com

1Sources