EN

Məşhur biznesmen həbsdən yayındı, yoxsa qanunun tələbi elə budur? – Qalmaqallı məhkəmə hökmünün hüquqi tərəfləri  

Bakıda məşhur biznesmen Emil Ağcanovun tanışı və yaxın münasibətdə olduğu İradə Muradovanın ölümü ilə bağlı cinayət işi üzrə çıxarılan hökm cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Xüsusi amansızlıqla qətldə ittiham olunan biznesmen barəsində azadlıqdan məhrumetmə cəzası deyil, psixiatriya xəstəxanasında məcburi müalicə tədbiri tətbiq edilməsi bir çox suallar doğurub. İctimaiyyətin diqqətini çəkən əsas məqam ağır və rezonanslı qətl hadisəsi ilə bağlı təqsirləndirilən şəxs necə oldu ki, həbs cəzası almadı?

Musavat.com xəbər verir ki, ittihama görə, hadisə 2025-ci il avqustun 23-də Yasamal rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının araşdırmaları zamanı İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında, vannanın içərisində paltarsız vəziyyətdə aşkarlanıb. İstintaq materiallarında göstərilib ki, qadın çoxsaylı bıçaq xəsarətləri alıb və ölüm xüsusi amansızlıqla törədilmiş zorakılıq nəticəsində baş verib. İttiham tərəfinin versiyasına görə, hadisədən əvvəl Emil Ağcanov və İradə Muradova birlikdə mənzildə olublar. İstintaq zamanı onların uzun müddət yaxın münasibətdə olduqları müəyyən edilib.

Materiallarda həmçinin biznesmenin hadisə vaxtı narkotik vasitə istifadəsi ehtimalı və mənzildə dini məzmunlu musiqilərin səsləndiyi barədə məlumatlar yer alıb. Toplanmış sübutlar əsasında Emil Ağacanova Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi - xüsusi amansızlıqla adam öldürmə ittihamı verilib. Cinayət işinin istintaqı və məhkəmə baxışı zamanı əsas mübahisə hadisənin necə baş verməsindən çox, təqsirləndirilən şəxsin psixi vəziyyəti ətrafında cəmləşib. İş materiallarında əks olunan ekspertiza rəylərinə əsasən, Emil Ağcanovun hadisə zamanı psixi pozuntu vəziyyətində olduğu və öz hərəkətlərinin mahiyyətini dərk etmədiyi qənaətinə gəlinib. Məhkəmə iclaslarında müdafiə tərəfi də məhz bu mövqedən çıxış edib. Vəkillər bildiriblər ki, təqsirləndirilən şəxsin davranışları, hadisədən sonrakı vəziyyəti və ekspertiza nəticələri onun anlaqsız vəziyyətdə olduğunu göstərir. Lakin zərərçəkmiş tərəfin nümayəndələri və İradə Muradovanın yaxınları proses ərzində bu qənaətlə razılaşmadıqlarını bildiriblər. Onlar qətlin qəddarlıqla törədildiyini, hadisədən əvvəl və sonra baş verənlərin araşdırılmalı olduğunu vurğulayaraq, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən kənarda qalmasının ədalətli olmadığını iddia ediblər. Məhz bu səbəbdən proses boyunca ekspertiza rəyləri iş üzrə ən çox müzakirə olunan sübutlardan biri olub.

Bəs məhkəmə niyə həbs yox, məcburi müalicə seçdi?
Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, Azərbaycan qanunvericiliyinə görə, cinayət məsuliyyəti yalnız şəxsin törətdiyi əməlin mahiyyətini dərk etdiyi və hərəkətlərinə nəzarət edə bildiyi halda yaranır: “Əgər məhkəmə müəyyən edərsə ki, şəxs cinayəti törədərkən anlaqsız vəziyyətdə olub, o zaman həmin şəxsə adi qaydada həbs cəzası verilə bilməz. Məhkəmə hökmündə də məhz bu nəticəyə gəlinib. Hakim Emil Ağacanovun cinayət hadisəsi zamanı anlaqsız vəziyyətdə olduğunu qəbul edib. Nəticədə Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir seçilib”.

Bəs məcburi müalicə hansı qaydada gerçəkləşir?

Ceyhun Yusifov deyir ki, cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri odur ki, psixiatriya xəstəxanasına göndərilən şəxs faktiki olaraq azadlığa buraxılır: “Əslində isə hüquqi baxımdan vəziyyət fərqlidir. Məcburi müalicə alan şəxs öz istəyi ilə xəstəxananı tərk edə bilmir. O, xüsusi nəzarət altında saxlanılır və mütəmadi tibbi müşahidədən keçirilir. Adi pasiyentdən fərqli olaraq onun müəssisədən çıxması yalnız həkim komissiyasının rəyi və məhkəmənin qərarı əsasında mümkündür. Bu səbəbdən məcburi müalicə həbs hesab edilməsə də, şəxsin azadlığını ciddi şəkildə məhdudlaşdıran hüquqi tədbirdir”.

Ceyhun Yusifov məcburi müalicə ilə bağlı ən çox verilən suallardan biri olan müddət məsələsinə də aydınlıq gətirib: “Qanunvericilikdə bunun üçün konkret vaxt həddi müəyyən edilməyib. Yəni məhkəmə 5 il məcburi müalicə və ya 10 il məcburi müalicə hökmü çıxarmır. Şəxsin psixi vəziyyəti dövri olaraq həkim komissiyaları tərəfindən qiymətləndirilir. Əgər onun artıq təhlükəli olmadığı və cəmiyyət üçün risk yaratmadığı müəyyən edilərsə, məsələ yenidən məhkəməyə təqdim olunur. Əks halda müalicə davam etdirilir.Bəzi hallarda belə müalicə tədbirləri uzun illər davam edə, hətta müəyyən hallarda nəzəri olaraq bəzi həbs cəzalarından daha uzun sürə bilər”.

Xatırladaq ki, İradə Muradovanın qətli ilə bağlı cinayət işi ictimai rezonans doğurduğundan məhkəmənin hökmü də müxtəlif reaksiyalarla qarşılanıb. Bir tərəf hesab edir ki, məhkəmə ekspertiza rəylərinə və qanunun tələblərinə uyğun hökm çıxarıb. Digər tərəf isə belə ağır cinayətə görə həbs cəzasının tətbiq edilməməsini qəbul etməkdə çətinlik çəkir.
Ceyhun Yusifov vurğulayıb ki, burada əsas məsələ cinayətin ağırlığından çox, təqsirləndirilən şəxsin həmin əməli törədərkən psixi vəziyyətidir:

“Əgər anlaqsızlıq hüquqi və tibbi cəhətdən sübuta yetirilibsə, məhkəmənin alternativ qərar vermək imkanları məhdud olur”.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
19
musavat.com

1Sources