EN

Küveytdə hava hücumlarının nəticələri aradan qaldırılır

Qahirə, 3 iyun, AZƏRTAC

Küveytin Mülki Aviasiya Baş İdarəsi Küveyt Beynəlxalq Hava Limanının əsas (T1) sərnişin terminalının İranın pilotsuz uçuş aparatları və raketləri ilə vurulmasından sonra fövqəladə hallar planının işə salındığını açıqlayıb.

AZƏRTAC KUNA informasiya agentliyinə istinadla bildirir ki, hücum nəticəsində hava limanının bir sıra obyektlərinə ciddi ziyan dəyib, xəsarət alanlar var.

Bəyanata əsasən, təhlükəsizlik məqsədilə Küveyt Beynəlxalq Hava Limanından həyata keçirilən bütün reyslər dayandırılıb, ölkəyə gələn təyyarələr isə növbəti göstərişədək alternativ hava limanlarına yönləndirilib.

Texniki, təhlükəsizlik və fövqəladə hallar üzrə qruplar obyektlərə dəyən ziyanın həcmini qiymətləndirir, hücumun nəticələrinin aradan qaldırılması üçün tədbirlər görürlər. Eyni zamanda, xəsarət alanların vəziyyəti nəzarətdə saxlanılır, hava limanında sərnişinlərin və əməkdaşların təhlükəsizliyinin təmin olunması üçün zəruri addımlar atılır.

Küveyt Müdafiə Nazirliyi vətəndaşlara və ölkədə yaşayan əcnəbilərə müraciət edərək, hava hücumlarının qarşısının alınması zamanı yaranmış qalıqlara, qəlpələrə və mənşəyi məlum olmayan əşyalara yaxınlaşmamağa çağırıb. Nazirlik bu cür predmetlərin ictimai təhlükəsizlik üçün risk yarada biləcəyini vurğulayıb, onların aşkarlanması halında dərhal aidiyyəti qurumlara məlumat verilməsini tövsiyə edib.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

 

Chosen
25
azertag.az

1Sources