III MƏQALƏ
Bakı fenomeni
Prezident İlham Əliyevin “Azərbaycanın Xəzər nefti” (2003) monoqrafiyasında vurğulanır ki, “Bakı bir neçə əsr müddətində Azərbaycanın və bütövlükdə Şərqin Şamaxı, Gəncə, Təbriz, Ərdəbil, Marağa və başqa mədəniyyət mərkəzləri ilə rəqabətdə yaşamış və inkişaf etmişdir”. Bu dinamika şəhərləşmə kontekstində yığcam və maraqlı formada əsərdə ifadə edilmişdir:
– “əvvəlcə, bura kiçik məskunlaşma yeri idi” - əbədi yanan odlar yurdu;
– “sonra Bakı Şirvanşahların qalasına çevrildi”, “bəzən paytaxt da olurdu”;
– “XV-XVI əsrlərdə Avropa Şərqlə ticarəti Rusiya vasitəsi ilə yaradanda Bakı beynəlxalq əhəmiyyətli limana çevrilir”;
– Bu keyfiyyətdə Bakı “öncə yükdaşınan liman, sonra müstəqil ticarət mərkəzi” oldu.
– “XIX əsrin sonunda, zəngin neft yataqlarının istismarına başlanması ilə Bakı və Abşeron yalnız bütövlükdə Azərbaycanın deyil, dünya azərbaycanlılarının mədəniyyət mərkəzinə çevrildi”.
Bu qısa təqdimat Bakının şəhər və mədəniyyət məkanı kimi təkamülünü iki aspektdə ifadə edir – birincisi, Bakının məskunlaşma yeri kimi şəhər statusunda inkişaf etməsinin sosial-mədəni konteksti, ikincisi, Bakının sənaye mərkəzi olaraq əsasən ticarət və energetika aspektlərində ölkə hüdudlarını aşaraq beynəlxalq miqyasda özünütəsdiqi. Bu iki aspektin prizmasında Bakıda şəhərsalma və memarlığın özünəməxsus keyfiyyətləri formalaşmışdır. Burada həmin prosesin detalları üzərində dayanmaq imkanı yoxdur. Sadəcə, iki xarici tədqiqatçı-missionerin Bakı haqqında dediklərini nümunə kimi göstərək.
İngilis missioneri Con Katrayt 1560-cı ildə Bakıya təşrif buyurmuşdur. Bakı haqqında yazmışdır: “Bakıya gəldikdə isə, çox qədim şəhərdir. Bura Ərdəbildən, Şamaxıdan, Dərbənddən mal gətirmək çox uyğundur. Bu şəhərdən çox uzaq olmayan qəribə və heyrətamiz fəvvarə vardır və ondan çox həcmdə qara yağ fışqırır ki, evlərin işıqlandırılması üçün istifadə edirlər”.
E.Kempfel 1684-cü ildə yazırdı: “Neft qoyun dərilərində (yəni, tuluqlarda – F.Q.) Şamaxı və Bakıya daşınırdı, oradan Midiyaya və sonra Avropa və Rusiyaya aparılırdı”. Missioner onu da vurğulayır ki, neftdən bayram tədbirlərində, müxtəlif işıqlandırmada, yəni mədəniyyət elementi kimi istifadə edilirdi. Bu da qədimdən Bakıda neftin həm də mədəniyyət kontekstinə malik olduğunu göstərir.
Beləliklə, Bakının şəhər kimi inkişafında ticarət, neft istehsalı və daşınması, xarici ölkələrlə əlaqələrin inkişafı və müxtəlif sivilizasiyaların bu məkan uğrunda mübarizəsi kontekstində xüsusi urbanizasiya dinamikasına malik olan məskunlaşma yeri kimi zəngin təcrübəsi mövcuddur. Bu təcrübənin çox mühüm aspektini Bakının o dövrdə Azərbaycanda mövcud olan güclü memarlıq məktəblərinin təsiri və rəqabəti fonunda inkişafı təşkil edir.
Şirvan–Abşeron memarlıq məktəbi
Mütəxəssislər Şirvan-Abşeron memarlığının üslub xüsusiyyətləri qismində “daş və onun üzərində tətbiq edilən ornamental oymanın birlikdə təsiri”ni xüsusi qeyd edirlər. Gözəl yerli daş diqqətlə yonulurdu, onun səthi hamarlanırdı. Bu, “Şirvan tikililərinin hörgüsünə xüsusi bir görkəm verir”di. Maraqlıdır ki, bu cür “hörülmüş səthlərin üzərində yerləşdirilən zərif daş oymaları kompozisiyanın gözəçarpan hissələrində mərkəzləşdirilir”di ki, bu da “öz bədiiliyi ilə diqqəti cəlb edir”di.
Bu üslubda iki məqam mütəxəssislərin diqqətini çəkir – birincisi, kompozisiyaların sadəliyinin müəyyənləşdirməsi, ikincisi, əsas diqqətin ayrı-ayrı ünsürlərin dürüst şəkildə işlənməsinə verilməsi.
Nümunə kimi mütəxəssislər Baba Samid məqbərəsini, Bakı xan sarayını, Bakı orta əsr ticarət kompleksini, Balaxanı qum hamamını, Bibiheybət məscidini, Bakı qalasını, Qız qalasını, Diribaba türbəsini, Sınıqqala məscidini, Nardaran məscidini və digərləri göstərirlər.
Deməli, Bakı şəhər kimi Şirvan-Abşeron memarlığının üslub xüsusiyyətləri fonunda təşəkkül etmiş, məkanca həmin memarlıq təfəkkürünün incəlikləri üzərində bərqərar olmuş və dünyada özünəməxsus urbanizasiya səviyyəsinə yüksəlmişdir. WUF13 kontekstində bu, olduqca əlamətdar məqam kimi görünür.
Ancaq məsələ yalnız bununla məhdudlaşmır, çünki Bakı həm də Azərbaycanın digər memarlıq məktəblərinin güclü rəqabəti fonunda şəhər və memarlıq məkanı kimi təkamül etmişdir. Bu da əslində söhbətin bütövlükdə Azərbaycan məkanında şəhərsalma və memarlıq mədəniyyətinin vahid inkişaf prosesindən getdiyini ifadə edir.
Naxçıvan–Marağa memarlıq məktəbi
Bu memarlıq məktəbi XI əsrdən formalaşmağa başlamışdır. O, faktiki olaraq, “orta əsrlər Azərbaycan memarlığının üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir”. Ölkəmizdə geniş yayılmış memarlıq məktəblərindən biridir. Naxçıvan-Marağa memarlıq məktəbi Azərbaycanda ilk memarlıq məktəbi hesab olunur. Onun görkəmli nümayəndələri kimi Memar Əcəmi Əbubəkr oğlu Naxçıvanini və Əhməd ibn Əyyub əl – Hafiz Naxçıvanini göstərirlər. Bu görkəmli memarların Marağaya, Bərdəyə və Şərqi Anadoluya qədər təsirləri olmuşdur. Bu da həmin məktəbin Azərbaycan ərazisində geniş yayıldığının göstəricisidir. Tədqiqatçılar yazırlar ki, “ümumilikdə bu memarlıq üslubu Şərq aləminin böyük bir hissəsində davam edib, kompozisiyalı abidələrin yaradılmasına təkan vermişdir”.
Bütövlükdə isə, “Naxçıvan–Marağa memarlıq məktəbinin üslub xüsusiyyətlərinin müəyyənləşməsində və nüfuzunun artmasında XII əsrdə Azərbaycanın mədəni həyatındakı ümumi yüksəliş, yerli dövlət hakimiyyətinin möhkəmlənməsi, şəhərlərin iqtisadi vəziyyətinin yaxşılaşması, ölkədə ədəbiyyatın və fəlsəfi fikrin inkişafı, humanizm ideyalarının yayılması mühüm rol oynamışdır”.
Bu məktəbin özünəməxsus üslub xüsusiyyətləri vardır. Mütəxəssislər yazırlar ki, “Naxçıvan–Marağa memarlıq məktəbi dövrün ən mükəmməl inşaat quruluşlarının tətbiqi, binanın texniki quruluşu ilə onun bədii həllinin tektonikliyinə nail olunması baxımından ən yüksək səviyyəyə qalxmışdı”.
Nümunə kimi, Yusif Küseyir oğlu türbəsini, Möminə Xatun türbəsini, Bərdə türbəsini, Qırmızı Günbəd türbəsini, Göy Günbəd türbəsini və sairi göstərmək olar. Bu nümunələrin ümumi quruluşları “abidəviliyi, ayrıntılarının zərifliyi, memarlıq bölgülərinin nikbinlik doğuran görkəmi, ornament bəzəklərinin oynaqlığı ilə səciyyələnir”.
Bunlardan başqa, “Naxçıvan–Marağa memarlıq məktəbi dəqiq riyazi hesablama metodlarına əsaslanırdı. Abidələr dəqiq hesablama və ölçmələr, planlaşma, yerləşmə, ornamentlərinin və kitabələrinin dəqiq düzülməsi əsasında inşa edilirdi”.
Ənənədən müasirliyə
Yuxarıdakı qısa nümunələr belə göstərir ki, Azərbaycanda şəhərsalma və memarlığın özünəməxsus təkamül dinamikası olmuşdur. Bu proses bütövlükdə Azərbaycan mədəni coğrafiyasını əhatə etmişdir. Bir neçə memarlıq məktəbinin mövcudluğuna baxmayaraq, onlar bir yerdə ümumi Azərbaycan mədəniyyətini ifadə etmişlər. Burada şəhərsalma ilə memarlığın vahid sosial-mədəni və sivilizasiya bazasına malik olması diqqəti çəkir. Bakının bu prosesdə şəhər və sənaye mərkəzi kimi rolu xüsusidir.
Ayrıca, XIX əsrin sonlarından Bakının dünyanın əsas neft mərkəzlərindən biri kimi tanınmağa başlaması və onun uğrunda böyük güclərin kəskin mübarizəsi inkişaf baxımından da xüsusi təkan vermişdir. Bir tərəfdən, şəhərdə demoqrafik tərkib mürəkkəbləşmiş, digər tərəfdən isə o, daha zəngin mədəni prosesə imkan yaratmışdır. Çar Rusiyasından sonra sovetlər dönəmində Bakının şəhər və paytaxt kimi əhəmiyyəti daha da artmışdır.
Lakin WUF13 kontekstində əsas məqam müstəqilliklə bağlıdır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı dünya siyasətinin mərkəzinə gətirə bilmişdir. Bu prosesi Prezident İlham Əliyev yeni səviyyəyə yüksəldərək, ölkəni beynəlxalq təbdirlərin uğurla keçirildiyi məkan kimi tanıtmışdır. Onun mühüm aspektlərindən biri də Azərbaycanda şəhərsalmanın ənənədən uğurla müasirliyə doğru yeni keyfiyyətlər almasıdır. Onun bir sıra əlamətlərini WUF13 kontekstində vurğulamaq gərəkdir.
Hər şeydən öncə, Bakıda şəhərsalma və memarlıqda ənənə ilə müasirliyin yüksək səviyyədə vəhdətini görürük. Nümunə kimi son 20 ildə Bakının simasının ciddi surətdə yeniləşməsini və ən müasir Avropa şəhərlərinə xas olan memarlıq nümunələri ilə zənginləşməsini göstərə bilərik. Bakı sovet dönəmindən miras qalan “Qara şəhəri” “Ağ şəhər”ə çevirmişdir. Bibiheybət ərazisində çoxlu sayda yeni memarlıq nümunələri olan tikililər göz oxşayır. Paytaxtda 100-ə yaxın yeni park salınmışdır.
Bütün bu dəyərlərə görə, Azərbaycan Prezidenti İlham Əliyevin aşağıdakı fikirləri ifadə etməsi tamamilə reallığı əks etdirir. Azərbaycan lideri demişdir: “2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir”.
Azərbaycan Prezidentinin xüsusi vurğuladığı kontekstdə WUF13 çərçivəsində “WUF Akademiyası, Şəhərlərin səsi, DİM-in tətbiqi, Şəhər kinoteatrı, Şəhər kitabxanası, BMT-nin Məskunlaşma Proqramının arenası, Təcrübə mərkəzi, Biznes və innovasiyalar mərkəzi nəzdində digər çoxsaylı tədbirlər”in təşkil olunması maraqlı təəssürat yaratmışdır. O cümlədən “Şəhərsalmanın yenidən qurulması – Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzusunda sessiyanın keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi mühüm töhfələrdən biri kimi nümunəvidir.
Sessiyada “işğaldan azad olunmuş şəhərlərdə həyata keçirilən yenidənqurma işlərində hər bir yaşayış məntəqəsinin coğrafi xüsusiyyətlərinə, landşaftına və memarlıq kimliyinə uyğun yanaşmaların tətbiq olunduğunu” bildirilib. Eyni zamanda, “şəhər transformasiyası, dayanıqlı yenidənqurma və innovativ şəhərsalma həlləri müzakirə olunub”. Nümunə kimi, Kəlbəcərdə dağlıq relyefə uyğun Alp üslubunun, Zəngilanda isə müasir memarlıq elementlərinin tətbiqi ayrıca göstərilib.
Xarici qonaqlar da Bakının müasir memarlığı ilə qədim tarixinin vəhdətini, xüsusən İçərişəhəri və müasir şəhər infrastrukturunu yüksək qiymətləndirən fikirlər söyləmişlər.
Onu da xüsusi vurğulamaq gərəkdir ki, WUF13-ün Azərbaycanda keçirilməsində azad Qarabağda davamlı olaraq reallaşan ən müasir şəhərsalma və memarlıq nümunələri əsas rollardan birini oynamışdır. Bu baxımdan Qarabağ, sözün həqiqi mənasında, dünya üçün gözəl bir nümunədir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru