EN

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

Tarixi ticarət yollarının bərpası ölkəmizi qlobal logistikanın ön xəttinə çıxarıb

Qərb və Şərq arasında ticarət əlaqələrinin inkişafında Azərbaycan tarixən mühüm rol oynamışdır. Qlobal proseslərin inkişafı ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində müasir rolunu və əhəmiyyətini aktuallaşdırır. İqtisadi-siyasi mühit, əlverişli geoiqtisadi mövqe və infrastruktur inkişaf planları Azərbaycanın təkcə tranzit ölkə kimi deyil, regional əməkdaşlıq proseslərinin mərkəzi dövləti statusunu daha da yüksəldir.

İpək yolu əsrlər boyu mühüm ticarət karvanı yolu kimi xidmət etmiş və öz dövrünün ən qiymətli və faydalı mallarının mübadiləsinə xidmət göstərmişdir. Azərbaycan öz ərazisi ilə İpək Yolunun nəinki iqtisadi faydalarını təmin etmiş, həm də müxtəlif sivilizasiyaları əhatə edən mədəni mübadilələri asanlaşdırmışdır. Nəticədə ticarət mallarının qərbə daşınmasını təmin etməklə uzaq torpaqlar arasında həyati bir əlaqə rolunu oynamışdır.

Tarixi ticarət yollarının bərpası müasir dövrdə yeni münasibətlər sahəsini formalaşdırmışdır. Müasir təşəbbüslərdə beynəlxalq ticarət və infrastrukturun inkişafı arasındakı vacib əlaqənin əhəmiyyəti nəzərə alınır və qlobal iqtisadi inteqrasiyanın təməl sütunlarından birini təşkil edir. Azərbaycan ərazisindən keçən dəhliz şəbəkələri yalnız malların və ideyaların transsərhəd hərəkətini asanlaşdırmayıb, həm də dəhlizlərin keçdikləri bölgələrin geosiyasi mənzərəsini formalaşdırıb.

Bu məqalədə məqsədimiz dəhlizlərin və infrasruktur şəbəkələrin inkişaf proseslərinə nəzər salmaq, onların tarixi əhəmiyyətini və Azərbaycan iqtisadiyyatına təsirlərini, eləcə də logistik və infrastruktur xüsusiyyətlərini və coğrafi kontekstlərini vurğulamaqla beynəlxalq dəhlizlərin iqtisadi inkişafa çoxşaxəli təsirini qiymətləndirməkdir.

Azərbaycan regionda fəaliyyət göstərən nəqliyyat və logistika infrastrukturlarını hərəkətə gətirən investisiyaların və eyni zamanda bir sıra prioritet layihələrin reallaşdırıldığı mərkəzə çevrilməkdədir.

Orta Dəhliz, Şimal-Cənub dəhlizləri ilə yanaşı, Zəngəzur dəhlizi də yeni təşəbbüs kimi inkişaf etdirilir. Qarabağın azad olunması nəticəsində meydana gələn bu dəhliz ideyası təkcə Azərbaycan və Ermənistan üçün deyil, həmçinin bütün Xəzər regionu üçün çox vacibdir. Təsadüfi deyil ki, ölkə başçısı Zəngəzur dəhlizinin bütün Türk dünyası üçün əhəmiyyəti və perspektivləri üzərində dayanaraq, öz çıxışlarında bu dəhlizin həyata keçirilməsinin zəruriliyini daim qeyd edir. Həm Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi təmin olunur, həmçinin beynəlxalq tranzit dəhlizlərin əhəmiyyətli hissəsinə çevrilir.

Azərbaycanın nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuluşlarının əsas səbəblərindən biri məhz belə bir strateji effektin əldə edilməsidir. Rəsmi statistik məlumatlara əsasən, son illər milyardlarla dollar sərmayə qoyuluşları həyata keçirilmiş, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilmişdir. Onun yükqaldırma qabiliyyətinin artırılması və 25 milyon tona çatdırılması nəzərdə tutulur.

Ölkəmizin regional nəqliyyat siyasətinin ən vacib istiqamətlərindən biri də Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xəttinin çəkilməsi olmuşdur. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti üzrə beynəlxalq layihənin həyata keçirilməsi Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə region ölkələrinin tranzit potensialının artmasına imkan yaradır.

Azərbaycan Avropa Qonşuluq siyasəti çərçivəsində əməkdaşlığın inkişafına, habelə ölkəmizin xarici iqtisadi əlaqələrinin genişlənməsinə töhvə vermiş olur. Azərbaycanın təşəbbüsləri sayəsində Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi perspektivdə intermodal və konteyner daşımalarının həcmini daha da artıracaq.

Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2007-ci il tarixli 1974 nömrəli sərəncamına uyğun olaraq, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini Dövlət Neft Fondu həyata keçirmişdir. Qars-Axalkalaki dəmir yolu layihəsinin Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi, habelə Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan Respublikası tərəfindən 775 milyon ABŞ dolları həcmində kredit vəsaiti ayrılmışdır.

Azərbaycan təkcə Cənubi Qafqaz və Xəzər bölgəsi üçün deyil, Avropa və Mərkəzi Asiya arasında da bir körpü ola bilər. Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda iştirakçılarla görüşü zamanı (iyul 2025) nəqliyyat-logistika sahəsinin inkişafı və strateji hədəflərlə bağlı dediyi çox əhəmiyyətli fikirlərə nəzər salmaq olar: “Burada söhbət təkcə tranzitdən getmir. Biz dəhlizlər, dəmir yolları haqqında danışanda tranzit və tranzit ödəmələri haqqında danışdığımız düşünülə bilər. Tranzit ödəmələri, əlbəttə ki, vacibdir, o, ölkəni gücləndirə bilər. Ancaq əsas məsələ tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasıdır ki, o sahələr əlavə sərmayə cəlb edə bilər.

Bu səbəbdən də bir neçə əsas şərtin təmin edilməsi vacibdir. Bunun biri sabitlik və təhlükəsizlikdir. Bu gün regionumuz, Mərkəzi Asiya regionu, Cənubi Qafqaz, ondan Şərqdə və Qərbdə yerləşən ölkələr sabit dövlətlərdir. Xüsusilə də Qarabağ münaqişəsi başa çatandan sonra sabitlik, təhlükəsizlik və inkişaf üçün perspektivlər daha aydın və genişdir. Yəni bu, bağlılıq layihələrinin təşviqi baxımından mühüm amildir. İkinci amil qonşularla xoş münasibətlərdir. Bu olmadığı təqdirdə ölkə tranzit ölkə ola bilməz və biz burada qonşularımızla deyil, qonşularımızın qonşuları ilə də yaxşı münasibətlərə malik olmalıyıq”.

Orta Dəhliz, dünya iqtisadiyyatının artan qeyri-müəyyənlikləri, beynəlxalq logistika xidmətləri bazarının konyunktur problemləri, habelə Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların kəskinləşməsi nəticəsində diqqəti daha çox cəlb edən beynəlxalq dəhliz konsepsiyasıdır. Bu lahiyə Çini Avropa ilə birləşdirən multimodal nəqliyyat dəhlizidir. Avropa ilə Asiya arasında ticarət yolu olan Orta Dəhliz, Şimal Dəhlizindən daha sürətli, daha qənaətcil, daha təhlükəsiz, 2000 km qısa və iqlim şəraiti baxımından daha əlverişlidir. Beynəlxalq ticarətdə ən başlıca üstünlüklərindən birini Çin ilə Avropa arasında nəqliyyat müddətini 18 günə qədər azaltması təşkil edir.

Orta Dəhliz Azərbaycan, Qazaxıstan, Türkiyə, Gürcüstan və Özbəkistan arasında infrastrukturun və inteqrasiyanın inkişafı üçün vahid strategiya kimi inkişaf etdirilir. Dünya Bankı hesabatlarında Avropa və Asiyanı birləşdirən ticarət dəhlizləri arasında əhəmiyyətini və rolunu aşağıdakı şəkildə nəzərdən keçirir. Orta Dəhlizin Avropa və Asiyanı birləşdirən ticarət dəhlizləri arasında aşağıdakı mühüm geoiqtisadi əhəmiyyətinə və coğrafi üstünlüklərinə diqqət yetirilir.

Dəhliz boyu daşımaların müddətinə görə layihəninin əhəmiyyəti dəniz marşrutu ilə müqayisə edilə bilər. Nəticədə, bu dəhliz uzun məsafəli ticarət üçün daha mühüm prioritet təşkil etmişdir.

Dövlətin nəqliyyat və logistika siyasətinin hədəfləri

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq edilmişdir. Nəqliyyat və logistika sahəsində mühüm dövlət əhəmiyyətli sənəd olaraq, Strateji Yol Xəritəsi logistika və ticarət əlaqələrinin inkişafı üzrə Azərbaycanın 2020-ci ilədək, 2025-ci ilədək və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətlərini müəyyən etmişdir. Artıq ötən dövrlərdən bu günədək dövlət sənədinin nəzərdə tutduğu tədbirlər həyata keçirilmişdir. Xəzər regionu hövzəsində beynəlxalq yükdaşımaların davamlı inkişafı üzrə inkişaf perspektivlərini özündə əks etdirən strateji məqsəd və hədəflərlə yanaşı, həmin məqsəd və hədəflərə nail olmaq üçün strateji prioritetlər göstərilmiş və müvafiq tədbirlər planı hazırlanmışdır.

İqtisadi artımın təmin olunmasına və yeni iş yerlərinin yaradılmasına şərait yaradan aşağıdakı prioritetlər nəzərdə tutulmuşdur:

– Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin gücləndirilməsi;

– Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələrinin tamamlanması;

– logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi;

– Bakının regional əhəmiyyətli ticarət qovşağına çevrilməsi;

– Bakıda və ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzlərinin yaradılması;

– logistika sahəsində özəl sektorun iştirak səviyyəsinin yüksəldilməsi.

Avropa və Asiya arasında Azərbaycanın bir neçə nəqliyyat dəhlizinin üzərində yerləşməsi onun beynəlxalq yükdaşımalar sahəsində strateji rolunu xüsusilə artırır. Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb, Cənub-Qərb dəhlizləri və gələcəkdə Zəngəzur dəhlizi Azərbaycanın əməkdaşlıq münasibətlərinin geniş konfiqurasiyasının mühüm tərkib hissəsinə çevrilir.

Azərbaycan Respublikasının ərazisindən keçən tranzit dəhlizlərin rəqabətqabiliyyətinin və səmərəliliyinin artırılması yeni mərhələdə strateji prioritetlərdən birini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2023-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı” təsdiq edilmişdir.

Azərbaycanın beynəlxalq əlaqələrinin gələcək istiqamətlərindən biri kimi beynəlxalq dəhlizlərin fəaliyyəti sahəsində mühüm dövlət tapşırıqları icra edilir.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirici orqanı kimi nəzərdə tutulmuşdur. Beynəlxalq ticarətdə yükdaşımaların səmərəli təşkili öz növbəsində kompleks tədqiqat vəzifələrini də qarşıya qoyur. Ölkə başçısının müvafiq sərəncamı əsasında bu tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

Orta Dəhliz regional əməkdaşlıq meydanını genişləndirir

Dünya Bankının məlumatlarına əsasən, Orta Dəhliz üzrə tövsiyələrə və işlərin icrasına əməl olunarsa, 2030-cu ildə gözlənilən vaxt bölgüsü (günlərlə) əhəmiyyətli dərəcədə azalacaq.

Dünya Bankının “Orta Ticarət və Nəqliyyat Dəhlizi: 2030-cu ilə qədər yük daşımalarının həcmini üç dəfə artırmaq və səyahət müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı hesabatında bu dəhlizin əhəmiyyəti ilə bağlı aşağıdakı qiymətləndirmələri qeyd edilir:

– Azərbaycan, Gürcüstan, Qazaxıstan və Avropa arasında artan ticarət bu dəhlizə olan tələbin əsas hərəkətverici qüvvələridir. Dünya Bankının modelləşdirməsində 2030-cu ilə qədər Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında ticarətin 37 faiz, bu ölkələrlə Aİ arasında isə 28 faiz artım proqnozlaşdırılır.

– Tam fəaliyyəti nəticəsində bu dəhliz Çin-Avropa ticarət və təchizat zəncirlərini şoklardan qorumağa kömək edəcək.

– Yaxın perspektivdə səmərəlilik artımları və ortamüddətli investisiyalar Orta Dəhlizin fəaliyyətini gücləndirəcək və regional ticarəti canlandırmaq üçün dəhlizin potensialından istifadəyə imkan verəcək. Bunun üçün koordinasiyanı, logistikanı və rəqəmsallaşmanı təkmilləşdirmək üçün addımlar atmağı tələb olunur, eyni zamanda, Azərbaycan, Gürcüstan və Qazaxıstanda dəmir yollarının, intermodal qurğuların və limanların təkmilləşdirilməsi üçün yeni investisiyalara ehtiyac var.

Dünya iqtisadiyyatının tənzimləyici mexanizmini təşkil edən əhəmiyyətli təşkilatların biri kimi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Orta Dəhlizin əhəmiyyətini daim qiymətləndirir. Bu təşkilat öz hesabatlarında beynəlxalq ticarətin asanlaşdırılması, infrastruktur islahatlar, sərhəd prosedurlarının və icazə tələblərinin rəqəmsallaşdırılmasının və uyğunlaşdırılmasının inkişaf etdirilməsinə yönəlməni nəzərə alan bir sıra tövsiyələri irəli sürür.

Azərbaycanda həyata keçirilən beynəlxalq logistik layihələr, aparılan işlərin miqyası və perspektivləri bu təşkilatın müsbət qiymətləndirmələrində yer alır. Eləcə də Azərbaycanın regional inkişafa töhfəsinin rolu qeyd olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Orta Dəhlizin potensialının reallaşdırılması” adlı 2023-cü il hesabatında Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyədə ticarətin asanlaşdırılması islahatlarına baxmayaraq, marşrutun inkişafına Mərkəzi Asiyada regional yanaşmanın formalaşmasının bir sıra çətinliklərini qeyd edir.

Mərkəzi Asiyanın çətin tranzit və ticarət prosedurları sərhəd məntəqələrində tıxac yaradır və qeyri-sabit və gözlənilməz tranzit və keçid vaxtlarına səbəb olur və marşrutun cəlbediciliyini azaldır. Xüsusilə, sərhəd gömrük tutumunun çatışmazlığı və marşrut boyunca gömrük orqanları arasında çevik əməkdaşlığın olmaması da təkrarlanan yoxlamalara və gecikmələrə səbəb olur və nəqliyyat artdıqda tıxac yaradır.

Yaxın müddətli səmərəlilik artımları və orta müddətli investisiyalar Orta Dəhlizin fəaliyyətini gücləndirəcək və regional ticarəti canlandırmaq üçün potensialından istifadə edəcək. Bu, koordinasiyanı, logistikanı və rəqəmsallaşmanı təkmilləşdirmək üçün addımlar atmağı tələb edir, eyni zamanda, Azərbaycan, Gürcüstan və Qazaxıstanda dəmir yollarının, intermodal qurğuların və limanların təkmilləşdirilməsi üçün vacib investisiyalara ehtiyac var.

Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Rəqəmsallaşma prosesi nəticəsində gömrük prosedurları da sadələşdirilir.

Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ildə Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının “Mərkəzi Asiya+Azərbaycan” formatında keçirilən 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımaların 90 faiz artmasını bildirməklə Azərbaycan və Mərkəzi Asiyanın Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpü olmasını qeyd etmişdir: “Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır”.

Azərbaycan iqtisadiyyatı regionun infrastruktur cəhətdən inkişaf edən və etibarlı biznes mühitini formalaşdıran əhəmiyyətli tərəfdaş ölkə imicini qazanmışdır. Prezident İlham Əliyev öz çıxışlarında bu nəticələrin həm milli və həm də regional əhəmiyyətini xüsusilə vurğulayır. Azərbaycan iqtisadi inkişafını şaxələndirmə siyasəti əsasında davam etdirir. Neft strategiyasının uğurları yeni inkişaf strategiyasının təməlini təşkil edir.

Bu strategiyada əsas prioritet faydalı təbii resurs sahələri ilə deyil, insan kapitalının gələcək sahələri ilə müəyyən edilir. Burada xüsusilə İT, müasir rəqəmsal texnologiyalar və süni intellekt sektorunu qeyd etmək olar. Azərbaycan milli iqtisadi sahələrin inkişfında olduğu kimi, regional nəqliyyat dəhlizlərinin inkişafı sahəsində də süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlığı inkişaf etdirir. Müasir dünyada regional inkişaf və regional əməkdaşlıq bağlılıq təşkil edir.

Orta Dəhliz kimi əlaqələndirici layihələr prioritetdir və logistikanın inkişafı region ölkələri üçün eyni dərəcədə əhəmiyyətlidir. Burada ölkə başçısının öz çıxışlarında vurguladığı məqamları qeyd etmək xüsusilə əhəmiyyətlidit. Yəni Azərbaycanın iqtisadi inkişaf potensialı baxımından, söhbət təkcə ölkə büdcəsinin transit gəlirlərindən getmir. Orta Dəhliz kimi strateji lahiyənin tam gücü ilə fəaliyyət göstərməsi, təkcə ölkə iqtisadiyyatını deyil, regionun biznes mühitini gücləndirə bilər.

Azərbaycanda həyata keçirilən layihələrin iqtisadi və siyasi uğurları regionda tranzit marşrutu boyu infrastrukturun və sahələrin yaradılmasına təkan verə bilər və yeni sahələrə əlavə sərmayələr cəlb edə bilər. Azərbaycan Orta Dəhlizin inkişafına tarixi əhəmiyyətli töhfə vermişdir. Bu sahədə sülh və təhlükəsizlik məsələləri kimi əsas şərtin təmin edilməsi xüsusilə vacibdir. Cənubi Qafqaz ölkələri sabit dövlətlər kimi mövqeyini inkişaf etdirməlidirlər. Xüsusilə Qarabağ münaqişəsi artıq basa çatmış, ölkəmizin tarixi qələbəsi regiona sabitlik gətirmiş, təhlükəsizlik və inkişaf üçün yeni, eyni zamanda, geniş perspektivlər açmışdır.

Orta Dəhlizin inkişafı regionda “yaşıl enerji” layihələri üzərində yeni əməkdaşlıqlara yol açır. Azərbaycanda və Mərkəzi Asiya ölkələri Günəş və külək elektrik enerjisi stansiyalarının yaradılması üçün ən perspektivli ölkələrdir. Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında “yaşıl enerji” ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin imzalanması Azərbaycanın inteqrator ölkə statusunu, yeni regional əməkdaşlıq və inkişaf mərkəzi kimi əhəmiyyətini artırır.

Orta Dəhliz Azərbaycanın iqtisadi əlaqələri üçün daha geniş coğrafiyanı əhatə etməyə imkan verir. Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış beynəlxalq əməkdaşlıq sazişləri Azərbaycanın regional qovşaq kimi üstünlüklərini nümayiş etdirir. Azərbaycanın iqtisadi inkişaf modelinin formalaşmasında nəqliyyat, istehsal və rəqəmsal strategiyaların tətbiqi üçün çox böyük artım potensialından istifadə perspektivlərini şərtləndirir.

Azərbaycanın Avropa və Asiya arasında yerləşən ölkə kimi müasir meqalayihələrin həyata keçirilməsində təcrübəsi genişlənir, şaxələndirilmiş xarici siyasəti sayəsində həlledici tərəfdaş ölkə statusuna malik ölkə kimi rolu artır.

Orta Dəhliz, bəzən də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu adlandırılan regional lahiyə haqqında dünyada geniş müzakirələr və təhlilər aparılır. Bu proseslərdə Azərbaycan əsas mövqeyə malikdir. Azərbaycanda həm də layihənin reallaşması üçün konkret işlər görülür. Eyni zamanda, Şimal-Cənub dəhlizi boyunca Azərbaycanda güclü infrastruktur yaradılıb, ən müasir tələblərə cavab verən avtomobil və dəmir yolu inşa edilib. Xüsusilə Ələtdə beynəlxalq əhəmiyyətli ticarət limanı tikilib istifadəyə verilib. Hazırda Zəngəzur dəhlizi üçün perspektiv əhəmiyyətli siyasət aparılır.

Məlum olduğu kimi, son illər Rusiyaya və İrana qarşı Avropa İttifaqı və ABŞ tərəfindən tətbiq edilən sanksiyalar və Ukrayna müharibəsinin şiddətlənməsi Avropa ilə Asiyanı əlaqələndirilməsinə təsirsiz qalmamış, beynəlxalq daşımalarda çox ciddi problemlər yaradıb. Uzun illər ərzində Çindən, Hindistandan Avropaya, eləcə də geriyə Çin istiqamətdə yükdaşımalar əsasən dəniz yolu vasitəsilə həyata keçirilir. Dünyada baş verən bir çox mürəkkəb hadisələr dəniz yollarını da iqtisadi cəhətdən səmərəsizliklərə səbəb olmuşdur.

Azərbaycanın geoiqtisadi nailiyyətləri dünya təcrübəsinə yeni imkanlar gətirmiş, Çindən İspaniyaya qədər bütün, demək olar ki, bütün dövlətlərin Orta Dəhlizə marağı sürətlə artmışdır. Bu baxımdan Azərbaycan və Mərkəzi Asiyanın regionun 5 dövləti tezliklə bu dəhlizi istismara vermək üçün bir araya gələrək, dünya iqtisadiyyatında yeni üstünlüklər qazanmış oldular.

Nəticədə, nəinki regionda çox nəhəng nəqliyyat dəhlizi yaradılmış oldu, dünyanın iqtisadi cəhətdən lider ölkələrinin transmilli şirkətləri ticarət daşımalarının vaxtını qısaltmaq və səmərəliliklərini artırmaq imkanı əldə etdilər.

Azərbaycan öz inkişaf potensialı ilə beynəlxalq dəhlizlər ticarət infrastrukturun inkişafını asanlaşdırmaqla regionda iqtisadi artım və inteqrasiya üçün həyati mərkəz rolunu oynayır. Gələcəkdə regionun potensialından tam istifadə etmək üçün ətraf mühitlə bağlı narahatlıqları, geosiyasi mürəkkəblikləri aradan qaldırmaq və bütün maraqlı tərəfdaşlar üçün logistik imkanlara bərabər çıxışı təmin etmək vacibdi.

Orta Dəhlizin inkişafı yalnız coğrafi sərhəd keçid nöqtələrini birləşdirməklə deyil, həm də inkişaf etmiş ölkələrlə dinamik qarşılıqlı əlaqələr yaratmaq, texnoloji inkişafı təşviq etmək və dəhlizlər boyunca az inkişaf etmiş əraziləri müasir infrastrukturlara inteqrasiya etməklə bağlıdır. Bu sahədə potensial imkanlardan geniş istifadə edilməsi qarşılıqlı əlaqələrin təkmilləşdirilməsinə və iqtisadi inteqrasiyaya nail olmaq üçün əhəmiyyət kəsb edir və həm iqtisadi artımı, həm də dayanıqlılığı təmin edir.

Məhəmməd ƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universiteti biznes və logistika kafedrasının müdiri, professor,

Müşfiq QULİYEV,
kafedranın professoru, iqtisad elmləri doktoru

Chosen
28
1
xalqqazeti.az

2Sources