EN

Qərbi Azərbaycana qayıdış: Cənubi Qafqazda davamlı sülhün və birgəyaşayışın yeganə yolu

Bu günə qədər Qərbi Azərbaycan İcması tərəfindən müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə ümumilikdə 120 məktub ünvanlanıb. İcmanın 11 sənədi BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri qismində bütün ölkələr arasında yayılıb. İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı ümumilikdə isə 345 bəyanat yayılıb. Azərbaycana səfər edən xarici nümayəndələrlə və ölkəmizdə fəaliyyət göstərən nüfuzlu xarici diplomatlarla İcma nümayəndələrinin ümumilikdə 78 görüşü olub. Milli Məclisin müxtəlif komitələri tərəfindən Qərbi Azərbaycan məsələsi ilə bağlı 6 ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" mövzusunda I beynəlxalq elmi konfransda deyib.

O bildirib ki, Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, TürkPA, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Qərbi Azərbaycan məsələsi ilə bağlı qətnamələr qəbul edib və İcmamızın qayıdış hüququnu dəstəkləyib: "İcmanın təmsilçiləri Türkiyədə, İspaniyada, Niderlandda, Almaniyada, Belçikada, Polşada, Macarıstanda, Qazaxıstanda, Özbəkistanda, Mərakeşdə, Avstriyada, İordaniyada keçirilən tədbirlərdə iştirak ediblər.

Bununla belə, 2025-ci il il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşlər, Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişinin paraflanması, Azərbaycan dövlət başçısı ilə Ermənistan Baş nazirinin birgə Bəyannaməsi, nəhayət, bölgəyə sülhün gələcəyinə inamı artırıb. Biz, Qərbi Azərbaycan İcması olaraq, hər iki dövlət başçısının dialoq səylərini alqışlayır və bu danışıqlara Qərbi Azərbaycan qaçqınlarının öz doğma ocaqlarına qayıdışına açılan qapı kimi baxırıq. Çünki bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın birgəyaşayışına bağlıdır, birgəyaşayışın yeganə yolu isə hər bir insanın doğulub boya-başa çatdığı ərazilərə qayıdış hüququnun tanınmasından və təmin edilməsindən keçir. Buna görə də ümid edir və inanırıq ki, Ermənistan rəhbərliyi, nəhayət, İcmamızla konstruktiv dialoqa gəlmək üçün özündə iradə tapacaq və Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər bizim evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmağımıza kömək edəcək".

Əziz Ələkbərli qeyd edib ki, bu gün Cənubi Qafqaz tarixinin həssas dönəmlərindən birini yaşayır: "Sülh danışıqları davam edir. Yeni iqtisadi imkanlar müzakirə olunur. Nəqliyyat xətləri, enerji layihələri, regional əməkdaşlıq perspektivləri gündəmdədir. Ancaq məncə bütün bunlardan daha böyük bir məsələ var, insanın taleyi. Əgər iqtisadi layihələr insanın rifahına xidmət etmirsə, onlar natamam qalacaq. Əgər sülh yalnız sənədlərdə yaşayırsa, o zəif olacaq.

Sülh insanın həyatına daxil olduğu zaman davamlı ola bilər. İnanıram ki, Qərbi Azərbaycana hüquqi və ləyaqətli qayıdış ideyası düzgün idarə edilərsə, bu, Cənubi Qafqaz üçün təhlükə deyil. Əksinə, bu, etimad quruculuğunun yeni mərhələsi ola bilər. Çünki hüquqa əsaslanan qayıdış revanş yaratmır. Etimad, ədalət, sülh yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
30
1
olaylar.az

2Sources