Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Stokholm, 3 iyun, AZƏRTAC
İsveç hökuməti sosial mediadan istifadə üçün minimum 15 yaş həddi təyin edilməsi təklifini irəli sürüb. Bu tövsiyə hökumət tərəfindən sifariş edilmiş araşdırmanın aralıq hesabatında yer alıb.
AZƏRTAC xəbər verir ki, təklif 15 yaşdan kiçik uşaqların istifadəçilərin ünsiyyət qura, dərc edə və məzmuna baxa biləcəyi platformalardakı hesablara daxil olmasını qadağan edəcək. Təşəbbüskarlar hesab edirlər ki, sosial media uşaqların və yeniyetmələrin zehni sağlamlığına mənfi təsir göstərir və ekran qarşısında həddindən artıq vaxt keçirməsinə səbəb olur.
Sosial işlər naziri Yakob Forssmed sosial medianın gənclərə təsirini dövrümüzün ən böyük problemlərindən biri adlandırıb. O, rəqəmsal mühitdə uşaqların müdafiəsini gücləndirməyin vacibliyini vurğulayıb. “Sonsuz skrollinq səbəbindən bütöv bir nəsli itirmək riski ilə üzləşirik”, - deyə Forssmed bildirib.
Hazırda İsveçdə 13 yaşdan kiçik uşaqlar yalnız valideynlərinin razılığı ilə sosial media hesabları yarada bilərlər. Təklif qəbul edilərsə, yaş həddi 15-ə qaldırılacaq. Sosial media üçün yaş məhdudiyyətləri artıq bir çox ölkədə tətbiq olunub və ya müzakirə olunur. UNICEF-in məlumatına görə, 35 ölkə bu problem üzərində işləyir. Avstraliya analoji tədbirləri görən ilk ölkə olub və ötən ilin dekabr ayında “Instagram”, “TikTok” və “Snapchat” da daxil olmaqla on məşhur sosial media platforması üçün minimum 16 yaş həddi tətbiq edib.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.