EN

Arıqlama iynələri dietoloqların bazarını öldürür ?

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Arıqlama iynələri, xüsusilə "Ozempic", "Semavik", "Laraglan" kimi tanınan GLP-1 reseptor agonistləri son illərdə dünyada və Azərbaycanda böyük populyarlıq qazanıb. Hazırda ölkəmizdə bir neçə kiloqram artıq çəkisi olan şəxslər də həkimə müraciət edərək arıqlama iynəsi yazdıra bilirlər. Burada həkim qəbulunda olmaq çox vacib nüansdır, çünki bu preparatlar rəsmi olaraq reseptsiz satılmır.

İnsanlar aylarla pəhriz saxlamaq, kalori hesablamaq və idman etmək əvəzinə, həftədə bir və ya bir neçə dəfə vurulan iynə ilə iştahlarını kəsməyi daha rahat hesab edirlər. Bu amil isə ilkin mərhələdə dietoloqlara müraciət edənlərin sayını azaldır. Maraqlıdır, heç bir pəhriz saxlamadan arıqlamaq üsulu həqiqətənmi dietoloqların bazarını "öldürür"?

Məsələ ilə bağlı Modern.az-a danışan dietoloq-nutrisioloq Lalə Rzayeva bildirib ki, arıqlama iynələri nə qədər "rahat yol" kimi görünsə də, reallıq tamamilə fərqlidir:

"Arıqlama iynələri pis deyil, amma hər kəs üçün nəzərdə tutulmayıb. İndi bu preparatlar çox rahat yazıldığı üçün sanki bir möcüzə kimi qəbul olunur. Halbuki bu, sadəcə bir üsuldur. Bəli, iştahanı azalda bilər, amma qida daimidir. Əsas məsələ qida ilə düzgün münasibət qurmaq, onunla yoldaş olmağı və faydalı qidalanma sistemini formalaşdırmağı öyrənməkdir".

Ekspertin sözlərinə görə, bu iynələrdən nəzarətsiz istifadə zamanı əzələ itkisi, qəbizlik, ürəkbulanma və iynə dayandırıldıqdan sonra çəkinin sürətlə geri qayıtması riski yaranır:

"Arıqlama iynələrindən istifadə edən şəxslər iştahsızlıq səbəbindən çox az qidalanırlar. Bu zaman bədən piylərlə bərabər sürətlə əzələ itirir, dəri sallanmaları və vitamin çatışmazlığı yaranır. Prosesi idarə etmək, bədənin zəruri zülal və mikroelementləri almasını təmin etmək üçün mütləq peşəkar dietoloq nəzarəti lazımdır.

Bu iynələr ömürlük istifadə edilə bilməz. İynə kəsildikdən sonra instinktiv olaraq iştah geri qayıdır. Əgər şəxs iynə vurdurduğu müddətdə dietoloq köməyi ilə düzgün qidalanma vərdişləri qazanmayıbsa, itirdiyi çəkini sürətlə və daha artıqlaması ilə geri alacaq".

L.Rzayeva əlavə edib ki, arıqlama iynələri heç vaxt dietoloqların sahəsini tamamilə iflic edə bilməz. Çünki iynə arıqlamağa kömək etsə də, çəkini qoruyub saxlamağı və sağlam həyat tərzini öyrətmir. Bu mərhələdə isə ən böyük iş məhz dietoloqların üzərinə düşür.

Qeyd edək ki, hazırda Azərbaycanda satılan bu növ iynələrin qiymətləri 130-230 manat arasında dəyişir. Qutu formasında satılan preparatların bir paketində adətən iki ədəd iynə olur.

Töhfə Səməd

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
modern.az

1Sources