EN

Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər bu il artırılacaq?

Son illərdə artan yaşayış xərcləri, inflyasiya və tələbələrin gündəlik ehtiyaclarının bahalaşması təqaüdlərin artırılması məsələsini yenidən gündəmə gətirib.

Bəs hazırkı iqtisadi vəziyyət fonunda tələbə təqaüdlərinin bu ilin sonuna qədər artırılması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, mövcud iqtisadi şərait tələbə təqaüdlərində müəyyən dəyişikliklərin edilməsinə ehtiyac yaratsa da, yaxın aylarda belə bir qərarın qəbul olunacağı gözlənilmir.

Elçin

Onun sözlərinə görə, tələbə təqaüdlərində son artım Azərbaycan Prezidenti tərəfindən ötən ilin dekabr ayında imzalanan sərəncam əsasında həyata keçirilib:

“Hazırkı iqtisadi vəziyyəti nəzərə alaraq tələbə təqaüdlərində müəyyən artımın olması ilə bağlı gözləntilər formalaşır. Lakin qeyd etmək lazımdır ki, tələbə təqaüdlərinin artırılması Prezidentin sərəncamı əsasında həyata keçirilir. Sonuncu belə qərar ötən ilin dekabr ayında qəbul olunub və təqaüdlərdə artım qeydə alınıb”.

Ekspert hesab edir ki, son artımın üzərindən qısa müddət keçdiyi üçün bu ilin sonuna qədər yeni artımın baş verməsi ehtimalı yüksək deyil:

“Düşünürəm ki, növbəti təqaüd artımı cari ildə deyil, daha çox 2027-ci ildə reallaşa bilər. Çünki cəmi altı ay əvvəl bu istiqamətdə qərar qəbul olunub. Bu baxımdan, ilin sonuna qədər tələbə təqaüdlərinin yenidən artırılması real görünmür”.

Elçin Əfəndi əlavə edib ki, tələbələrin sosial rifahının yaxşılaşdırılması və təhsil xərclərinin qarşılanması baxımından təqaüdlərin artırılması vacib məsələlərdən biri olaraq qalır. Buna baxmayaraq, hazırkı mərhələdə yeni artımla bağlı rəsmi siqnallar müşahidə edilmir.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
21
1
konkret.az

2Sources