EN

Azərbaycanda yeni ödənişli yollar açılır Qiymətlər əhalinin cibinə uyğundur?

ain.az, Azxeber.com portalına istinadən məlumat yayır.

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi istifadəyə verilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, qanunvericiliyə uyğun olaraq sürücülərə alternativ seçim imkanı yaradılıb. Belə ki, hərəkət iştirakçıları ödənişli magistraldan istifadə edə və ya ödənişsiz alternativ marşrut olan Zəfər Yolunu seçə bilərlər.

Bundan əvvəl ölkədə ilk ödənişli avtomobil yolu kimi Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu istifadəyə verilmişdi.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, ödənişli yol təcrübəsi dünyanın əksər ölkələrində tətbiq olunur:

"Ödənişli yollar dünyanın hər yerində mövcuddur. Ancaq belə sistem tətbiq edilərkən ödənişsiz alternativ yolun vəziyyətinə də diqqət yetirilməlidir. Ödənişsiz yol ödənişli yoldan keyfiyyət baxımından ciddi şəkildə geri qalmamalıdır. Ödənişli yolun əsas üstünlüyü məsafənin daha qısa olması və sürət həddinin yüksək müəyyən edilməsidir. Qanunvericiliyə edilən dəyişikliklərə əsasən, ödənişli yollarda maksimal sürət həddi 130 km/saatdır. Digər yollarda isə bu göstərici 90-110 km/saat arasında dəyişir”.

Ekspertin sözlərinə görə, hazırkı tariflər də məqbul hesab oluna bilər:

"Hazırkı şəraitdə ödənişli yollarda tətbiq olunan qiymətlər normaldır. Burada hansısa fantastik məbləğlərdən söhbət gedə bilməz. Dövlət bu məsələləri tənzimləyərkən sürücünün qazandığı vaxtı və qənaət etdiyi yanacaq xərcini nəzərə alır. Adətən ödənilən məbləğ bu qənaətə yaxın olur”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, ödənişli yolların müəyyən üstünlükləri olsa da, Azərbaycandakı model bəzi suallar doğurur:

"Ödənişli yollar dünyanın bir çox ölkəsində mövcuddur və bunun müəyyən üstünlükləri var. Belə yollarda hərəkət sürəti daha yüksək olur, sürücülər üçün komfortlu şərait yaradılır və yolların keyfiyyəti daha yaxşı qorunur. Lakin bir çox ölkələrdə bu yollar özəl şirkətlər tərəfindən tikilir. Şirkətlər dövlətlə müqavilə bağlayır, investisiya yatırır və sonradan xərclərini ödənişlər hesabına geri qaytarırlar.

Azərbaycanda isə yol tikintisində özəl sektorun iştirakı demək olar ki, yoxdur. Magistral yolların tikintisi dövlətin səlahiyyətindədir və bu layihələr əsasən büdcə vəsaiti hesabına həyata keçirilir. Bu isə o deməkdir ki, vətəndaşlar vergi ödəyicisi kimi həmin vəsaitlərin formalaşmasında iştirak ediblər”.

N.Cəfərli qeyd edib ki, beynəlxalq təcrübədə ödənişlər əsasən qət edilən məsafəyə uyğun hesablanır:

"Əgər yolların saxlanılması və təmiri büdcədən maliyyələşdirilməyəcəksə, bu iş özəl sektorun öhdəsinə veriləcəksə və yolların keyfiyyətinə görə məsuliyyəti onlar daşıyacaqlarsa, məsələyə fərqli yanaşmaq olar. Hazırda isə yolların saxlanılmasının özəl sektora həvalə olunması ilə bağlı hər hansı məlumat yoxdur.

Qiymətlərə gəlincə, istənilən məbləğ müəyyən olunsaydı, narazılıq yarana bilərdi. Avropa və digər ölkələrin təcrübəsinə baxdıqda görürük ki, ödənişlər əsasən qət edilən məsafəyə, yəni kilometrlərə görə hesablanır. Bu zaman tariflər vətəndaşlara daha məntiqli görünür.

İnsanların əsas narazılığı isə ondan ibarətdir ki, həmin yollar dövlət büdcəsi hesabına tikilib. Büdcənin formalaşmasında da vətəndaşların ödədiyi vergilər iştirak edib. Buna görə də insanlar maliyyələşdirilməsində pay sahibi olduqları yollardan istifadə üçün yenidən ödəniş etməyi haqlı olaraq sual altına alırlar”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
azxeber.com

1Sources