EN

Hüsamettin İnanc: Bakı-Tbilisi-Qars xəttinin güclənməsi Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır

Bakı, 3 iyun, AZƏRTAC

Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi və yükdaşıma qabiliyyətinin təxminən beş dəfə artırılması Orta Dəhlizin beynəlxalq rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək. Bu marşrut “Bir kəmər, bir yol” təşəbbüsünün ən mühüm istiqamətlərindən birinə çevrilib və zaman keçdikcə onun strateji əhəmiyyəti daha da artıb.

Bunu AZƏRTAC-a açıqlamasında türk politoloq Hüsamettin İnanc bildirib.

Onun sözlərinə görə, hazırda Avrasiya məkanında üç əsas nəqliyyat dəhlizi – Şimal, Cənub və Orta Dəhliz mövcuddur.

“İndiyədək Orta Dəhliz tam funksionallıq qazanmasa da, mövcud geosiyasi şərait onun əhəmiyyətini sürətlə artırır. Rusiya–Ukrayna müharibəsi səbəbindən Şimal dəhlizinin imkanları məhdudlaşıb. Digər tərəfdən, Yaxın Şərqdə davam edən gərginliklər və İran ətrafında formalaşan mürəkkəb təhlükəsizlik mühiti Cənub marşrutunun potensialını zəiflədib. Belə şəraitdə Orta Dəhliz Çin tərəfindən xüsusi diqqət yetirilən alternativ marşrut kimi ön plana çıxır. Burada söhbət yalnız nəqliyyat layihəsindən getmir. Bu dəhliz Xəzər hövzəsini, Mərkəzi Asiyanı, Qafqazı və bütövlükdə Türk dünyasını birləşdirən strateji platformadır. Azərbaycanın isə bu sistemdə xüsusi yeri var.

Cənubi Qafqazda sülh gündəliyinin güclənməsi, regionda yeni əməkdaşlıq imkanlarının yaranması və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda Avropanın enerji mənbələrini şaxələndirmək məcburiyyəti Bakı–Tbilisi–Qars xəttinin əhəmiyyətini daha da artırır”.

Politoloq bildirib ki, məhz belə bir geosiyasi şəraitdə Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsinin başa çatdırılması olduqca uğurlu zamanlama kimi qiymətləndirilməlidir. Bu layihə Azərbaycanı regionun əsas logistika və nəqliyyat mərkəzlərindən birinə çevirir.

Hüsamettin İnanc diqqətə çatdırıb ki, Azərbaycan həm neft, həm də təbii qaz ehtiyatlarına görə dünyanın mühüm enerji istehsalçılarından biridir. Bununla yanaşı, Qazaxıstan və Türkmənistan kimi Türk dövlətlərinin enerji potensialının da bu marşrutlar vasitəsilə dünya bazarlarına çıxarılması imkanları genişlənir. Formalaşan yeni nəqliyyat və enerji arxitekturası böyük enerji resurslarının Türkiyə üzərindən Avropaya çatdırılmasına xidmət edir. Lakin layihələrin əhəmiyyəti yalnız iqtisadi gəlirlərlə məhdudlaşmır. Bu proses Azərbaycanı dünyanın ən strateji ölkələrindən birinə çevirir. Strateji əhəmiyyət isə öz növbəsində bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Tranzit və enerji qovşağına çevrilən ölkələrin təhlükəsizliyi beynəlxalq səviyyədə daha çox önəm daşıyır və bu amil regionda sülhün qorunmasına əlavə zəmanət yaradır”, – deyə politoloq vurğulayıb.

Hüsamettin İnanc hesab edir ki, Bakı–Tbilisi–Qars xəttinin imkanlarının genişləndirilməsi yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni imkanlar açır. Bu layihə region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir, qarşılıqlı asılılığı artırır və əməkdaşlıq mühitini möhkəmləndirir.

“Regionun beynəlxalq ticarət və nəqliyyat sistemində rolunun artması həm də xarici müdaxilə risklərini azaldan mühüm amillərdən biridir. Çünki beynəlxalq aktorlar üçün strateji əhəmiyyət daşıyan nəqliyyat və enerji marşrutlarının təhlükəsizliyi ümumi maraq predmetinə çevrilir. Son dövrlərdə regionda müşahidə olunan siyasi proseslər, o cümlədən Ermənistanın qonşularla münasibətlərin normallaşdırılmasına yönəlmiş addımları da yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verir. Enerji və nəqliyyat dəhlizlərinin üzərində yerləşmək yalnız iqtisadi dividendlər qazandırmır. Bu üstünlük, eyni zamanda, sülhün, sabitliyin, rifahın və regional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Azərbaycan bu strateji üstünlüklərdən səmərəli istifadə etməklə regionun gələcək geosiyasi və iqtisadi arxitekturasında aparıcı mövqeyini daha da gücləndirir”, - deyə politoloq bildirib.

Müxbir – Səbinə Əlizadə

 

Chosen
21
1
azertag.az

2Sources