EN

Yeni komissiya limitləri: müştərilərə təsiri necə olacaq?

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanda iyunun 1-dən etibarən kartla ödənişlər zamanı tətbiq olunan interçeync (banklararası xidmət haqqı) üzrə yeni limitlər qüvvəyə minib. Aptek, supermarket və yanacaqdoldurma məntəqələrində komissiya haqlarının aşağı salınması ticarət obyektlərinin xərclərini azaltsa da, bu addımın məhsul qiymətlərinə və istehlakçıların cibinə necə təsir edəcəyi maraq doğurur.

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, interçeync rüsumlarının təxminən 0.5-1 faiz dəhlizində azalması mal və xidmətlərin qiymətinə dərhal və nəzərəçarpacaq dərəcədə təsir göstərməyəcək:

"Bununla belə, böyük dövriyyəyə malik supermarket şəbəkələri üçün bu cüzi fərq belə ciddi qənaət fürsəti yaradır və uzunmüddətli perspektivdə qiymətlərə az da olsa təsir edə bilər. Digər tərəfdən, qərarın əsas müsbət nəticəsi gələcəkdə pərakəndə ticarət şəbəkələri ilə banklar arasında stimullaşdırıcı addımların və keşbek imkanlarının daha da genişlənməsi olacaq".

Bank-maliyyə eksperti, hüquqşünas Əkrəm Həsənov isə məsələyə fərqli prizmadan yanaşaraq, bu qərarın birbaşa keşbek və ya ticarət şəbəkələri ilə bağlı olmadığını, sırf banklararası hesablaşma sisteminə aid olduğunu vurğulayıb:

"Mərkəzi Bankın sistemi ilə həyata keçirilən bu köçürmələrdə xərcləri azalan banklar, məntiqlə müştərilər üçün də komissiyaları aşağı salmalıdır. Lakin qanunvericilik baxımından bankları buna heç kim məcbur edə bilməz. Rüsumların ucuzlaşması yalnız sağlam rəqabət mühitində, bankların müştəri itirməmək adına atacağı könüllü addımlarla mümkün ola bilər. Çünki hər hansı bir bank öz komissiyasını azaltsa, ora müştəri axını baş verəcək və belə olduqda digər banklar da rəqabətə davam gətirmək üçün rüsumları endirməyə məcbur qalacaqlar".

Qeyd edək ki, yeni qaydalara əsasən, aptek və supermarketlərdə bu haqqın yuxarı həddi 1,25 faiz, yanacaqdoldurma məntəqələrində 0,75 faiz, digər ümumi kateqoriyalarda isə maksimum 1,5 faiz müəyyənləşdirilib. Bəzi fəaliyyət sahələri üzrə isə konkret yuxarı hədd tətbiq olunmayacaq. Qərarın əsas məqsədi banklararası hesablaşmaların tənzimlənməsi, nağdsız ödənişlərin inkişafının dəstəklənməsi və ödəniş sistemində daha balanslı mexanizmin formalaşdırılmasıdır.

Töhfə Səməd

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
modern.az

1Sources